CƏMİYYƏT
“Aran” agentliyi tərəfindən yayılan məlumatın heç bir əsası yoxdur
Bakı, 20 noyabr (AZƏRTAC). İran İslam Respublikasının vətəndaşı Həsən Fərəcinin Bakının Binəqədi rayonunda yerləşən inzibati həbs olunanların saxlanma yerində guya işgəncələrə məruz qalması barədə bu ölkənin “Aran” agentliyi tərəfindən yayılan və ölkəmizdəki bəzi KİV-lərdə verilmiş məlumatların heç bir əsası yoxdur.
Bunu AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Sadiq Gözəlov demişdir.
Sadiq Gözəlovun sözlərinə görə, araşdırmalar zamanı Həsən Fərəci izahatında saxlanma şəraitindən, ona olan münasibətdən narazılığının olmadığını, burada saxlandığı müddətdə özünə qarşı hər hansı təzyiqin, işgəncənin, şərəf və ləyaqətinin alçaldılmasına yönələn hərəkətlərin baş vermədiyini bildirmişdir.
S.Gözəlov qeyd etmişdir ki, mətbuatda verilmiş və Həsən Fərəci olduğu iddia edilən fotoşəkil də qondarmadır, ona aid deyil və qəsdən oxucunu aldatmağa yönəlmiş cəhddir. Bu dezinformasiya yayılana qədər Həsən Fərəci ilə görüş üçün nə müdafiəçisi, nə də yaxınları tərəfindən polis orqanlarına heç bir müraciət daxil olmamışdır. Belə bir müraciət olarsa, mövcud təlimata uyğun olaraq onunla görüş təmin edilər.