“Araz-Naxçıvan” Peşəkar Futbol Klubu yeni arenada ilk məşqini keçib
Naxçıvan, 8 aprel, AZƏRTAC
Muxtar respublikanın “Araz-Naxçıvan” Peşəkar Futbol Klubu ötən günlərdə istifadəyə verilən Uzunoba Təlim-Məşq İdman Kompleksinin süni örtüklü futbol meydançasında məşq keçib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, komanda isinmə hərəkətləri və asta qaçışla məşqə start verib. Futbolçular məşq proqramına uyğun müxtəlif tapşırıqları icra ediblər. Sonda ikitərəfli oyun keçirilib.
Heyəti istedadlı yeniyetmə və gənc futbolçularla zənginləşdirən baş məşqçi Əsgər Abdullayev kompleksdə yaradılan şəraitdən maksimum şəkildə yararlanmaq niyyətindədir. Arena ilə tanışlıq zamanı məmnunluğunu ifadə edən təcrübəli mütəxəssis məşq öncəsi öz təəssüratlarını bölüşüb. Muxtar respublikada digər idman növləri ilə yanaşı, futbola da böyük önəm verildiyini vurğulayan Əsgər Abdullayev dövlətin həyata keçirdiyi idman strategiyasının bu sahəyə böyük töhfə verdiyini qeyd edib. O, yeni yaradılan infrastrukturun qarşıya qoyulan vəzifələrin icrası istiqamətində önəmli rola malik olduğunu bildirib.
Qeyd edək ki, “Araz-Naxçıvan” Peşəkar Futbol Klubu növbəti bütün məşq proseslərini məhz bu arenada keçirəcək.