ARDNŞ BAKI ŞƏHƏRİNDƏ NEFT MUZEYİNİN YARADILMASI İLƏ ƏLAQƏDAR BEYNƏLXALQ MÜSABİQƏ ELAN ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə neft sənayesinin təşəkkülünü, zəngin ənənələrini, müstəqilliyimizin möhkəmləndirilməsində və potensialının artmasında neftin müstəsna əhəmiyyətini nəzərə alaraq, ölkəmizin neft salnaməsinin öyrənilməsini və təbliğinin gücləndirilməsini təmin etmək məqsədilə 2008-ci il fevralın 4-də “Bakı şəhərində Neft Muzeyinin yaradılması haqqında” Sərəncam imzalamışdır.
AZƏRTAC xəbər verir ki, həmin Sərəncamın həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti dizayn-layihə konsepsiyası üzrə beynəlxalq müsabiqə elan etmişdir.
Müsabiqənin şərtləri belədir:
Müsabiqənin əsas məqsədi “Bakı şəhərində Neft Muzeyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 fevral tarixli Sərəncamının icrası ilə əlaqədar Neft Muzeyinin dizayn-layihə konsepsiyası üzrə təqdim ediləcək ən yaxşı dizayn-layihənin seçilməsidir.
Beynəlxalq müsabiqədə memarlıq və dizayn layihələrinin hazırlanması sahəsində müvafiq təcrübəyə malik olan həm yerli, həm də xarici fiziki və hüquqi şəxslər fərdi və ya kollektiv şəkildə iştirak edə bilərlər.
Neft Muzeyi Bakı şəhəri, Səbayıl rayonu ərazisində “Azneft” İstehsalat Birliyinin “Bibiheybətneft” NQÇİ-nin neft tullantılarından təmizlənərək rekultivasiya olunmuş 45 hektarlıq torpaq sahəsində inşa ediləcəkdir.
Neft Muzeyinin yaradılması üçün müsabiqəyə təqdim edilən layihələr (işlər) Azərbaycan milli memarlıq ənənələrinə, müasir tələblərə uyğun olmalı və neft tarixi ilə bağlı tələblərə cavab verməlidir.
Neft Muzeyinin yaradılması ilə əlaqədar dizayn planlaşdırılmasına dair iddiaçıların təqdim edəcəkləri layihələrdə qapalı və açıq zonalardan ibarət olacaq muzey kompleksi öz əksini tapmalıdır.
Qapalı zonaya muzey binası (ekspozisiyalar üçün sərgi qalereyaları, multipleks tipli kinozallar, xidməti otaqlar, uşaq muzeyi və intellekt klubu, kafelər, suvenir mağazaları, plenar zalı, elmi-tədqiqat mərkəzi, kitabxana, ARDNŞ-ın mərkəzləşdirilmiş arxivi, inzibati bina, qonaq evi, daxili infrastruktur (muzey fondları, bərpa sexləri, digər emalatxanalar və s.) daxildir.
Açıq zonada neft tarixi ilə əlaqədar mədəni-maarif təyinatlı, bir-birinə keçidlərlə bağlı olan 7 (hər biri neftlə bağlı bir tarixi dövrü özündə əks etdirən) parkdan ibarət park kompleksinin, həmçinin daha bir parkın və müxtəlif təyinatlı avtomobillər üçün dayanacağın salınması nəzərdə tutulur.
Neft Muzeyinin inşasının dizayn-layihə konsepsiyasında yüksək keyfiyyətli, müasir standartlara və tələblərə cavab verən konstruksiya, material və avadanlıqlardan, yeni texnologiya və innovasiyalardan istifadə olunması nəzərdə tutulmalıdır.
İddiaçılar tərəfindən Neft Muzeyinin dizayn-layihəsinin maketi, rəngli videoçarxı, layihəni əks etdirən izahlı şəkillər və qrafik təsvirlər (3D Max proqramında) nümayiş materialları kimi təqdim edilməlidir.
Müsabiqədə qalib iddiaçının konsepsiyası onun müstəsna mülkiyyətindədir.
Təkliflərin (dizayn-layihələrin) qiymətləndirilməsi zamanı digər texniki şərtlər nəzərə alınmaqla, milli memarlıq ənənələrinə uyğun olan, müasir tələblərə və neftlə bağlılıq meyarlarına cavab verən, həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Güzəştlərin həcmi və tətbiqi Qaydasının, malların (işlərin və xidmətlərin) qiymətlərində dəyişikliklərin satınalma müqaviləsinə təsirinin hesablanması üsulunun təsdiq edilməsi və bölünən hissələrin məbləğinin müəyyən edilməsi haqqında” 2002-ci il 28 oktyabr tarixli qərarına uyğun gələn layihələrə üstünlük veriləcəkdir.
Beynəlxalq Müsabiqədə 1-ci yerə layiq görülmüş iddiaçıya qüvvədə olan qanunvericiliyə uyğun olaraq, o cümlədən Azərbaycan Respublikası Mülki Məcəllənin 1082.1-ci maddəsi rəhbər tutularaq sifarişin verilməsi vəd olunur. Anlaşılmazlıqlara yol verməmək üçün bildirilir ki, iddiaçıların təqdim etdikləri dizayn-layihələr münsiflər heyəti tərəfindən tam və ya qismən qəbul edilmədikdə, ARDNŞ iddiaçılar qarşısında hər hansı hüquqi və maliyyə öhdəliyi daşımır və ona qarşı heç bir tələb və ya irad irəli sürülə bilməz.
Münsiflər heyətinin səlahiyyətlərini ARDNŞ-ın 2008-ci il 3 mart tarixli 35 nömrəli əmri ilə yaradılmış Layihə qrupunun üzvlərindən seçilmiş heyət həyata keçirir.
Hazırkı müsabiqə üzrə bu elanla tənzimlənməyən digər məsələlərə baxılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında memarlıq üzrə müsabiqələrin keçirilməsi Qaydaları haqqında” 1999-cu il 15 oktyabr tarixli qərarına və 2001-ci il 29 yanvar tarixli qərara əsasən dəyişikliklərə uyğun olaraq aparılacaqdır.
Müsabiqədə iştirak etmək üçün iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:
- müsabiqədə iştirak etmək üçün ərizə;
- müsabiqəyə təqdim olunan təklif (dizayn-layihələri) - qapalı zərfdə (bağlamada);
- iddiaçının tam adı, ünvanı, hüquqi statusunu təsdiq edən sənəd (surəti), dövlət qeydiyyatından keçdiyi ölkə və bank rekvizitləri;
- əsas fəaliyyət yeri.
Hər iddiaçı müsabiqəyə yalnız bir dizayn layihəsi təqdim edə bilər.
Azərbaycan Respublikasından olan iddiaçıların müsabiqəyə təqdim edəcəkləri dizayn-layihələrinə əlavə etdikləri mətnlər Azərbaycan Respublikasının dövlət dilində tərtib olunmalıdır. Xarici ölkələrdən olan iddiaçılar isə təmsil etdikləri ölkələrin dilində hazırladıqları mətnə bu mətnin Azərbaycan dilinə tərcümə olunmuş və iddiaçı tərəfindən təsdiq edilmiş nüsxəsini əlavə etməlidirlər. Mətnlər arasında fərq aşkar edildikdə, üstünlük Azərbaycan dilində tərtib edilmiş mətnə veriləcəkdir.
İddiaçılar yuxarıda göstərilən sənədləri (dizayn-layihələri istisna olmaqla) 2008-ci il mayın 23-də saat 18.00-a qədər, müsabiqə təklifini (dizayn-layihələrini) isə 30 may 2008-ci il saat 18.00-a qədər qapalı zərflərdə (bağlamalarda) Layihə qrupuna təqdim etməlidirlər.
Ünvan: Bakı şəhəri, Neftçilər prospekti 73, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Muzey işinin təşkili şöbəsi.
Qapalı zərflərin (bağlamaların) üzərində iddiacının tam adı pozulmayan mürəkkəblə yazılmalı və ya çap olunmalı və iddiaçı tərəfindən imzalanmalıdır.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər (bağlamalar) açılmadan geri qaytarılacaqdır.
Zərflərin (bağlamaların) açılışı iddiaçıların və ya onların nümayəndələrinin iştirakı ilə 2008-ci il iyunun 2-də saat 10.30-da həyata keçiriləcəkdir.
Beynəlxalq Müsabiqə proseduru ilə bağlı əlavə məlumat əldə etmək üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətində Layihə qrupuna müraciət etmək olar.
Ünvan: Bakı şəhəri, Neftçilər prospekti 73, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Muzey işinin təşkili şöbəsi. Telefonlar: +99412 404 34 68, +99412 404 31 52, +99412 404 36 81, faks: +99412 404 36 81, e-mail: [email protected]; [email protected]