ASAİF beynəlxalq tələbə sammitində təmsil olunmuşdur
Bakı, 19 noyabr (AZƏRTAC). Noyabrın 14-dən 17-dək İndoneziyanın Qərbi Yava əyalətinin paytaxtı Bandunq şəhərində Beynəlxalq Tələbələrin ikinci sammiti keçirilmişdir.
Səksənə yaxın ölkəni təmsil edən tələbələrin iştirakı ilə keçirilmiş sammitin məqsədi beynəlxalq tələbələrin əhalisinə görə dünyada Çin, Hindistan, ABŞ-dan sonra 4-cü yerdə olan və 300 milyondan çox insanın ana dili, İndoneziya, Malayziya, Sinqapur, Bruney kimi bir neçə ölkənin rəsmi dili sayılan İndoneziya dili bacarıqlarını yoxlamaq olmuşdur. İndoneziyanın ən qabaqcıl 32 universitetində dövlət təqaüdü ilə təhsil alan 150-dən çox xarici tələbə İndoneziya dili üzrə yarışa qatılmaq üçün dəvət edilmişlər.
ASAİF-dən AZƏRTAC-a bildirmişlər ki, yarış xarici tələbələrin dil və intellektuallıq səviyyəsini yoxlamaq üçün müxtəlif mövzuları əhatə edən debatlar şəklində təşkil olunmuşdur. Digər məqsəd isə İndoneziyada dövlət təqaüdü ilə təhsil alan 800-dən çox beynəlxalq tələbəni birləşdirən İndoneziyanın Beynəlxalq Tələbə Assosiasiyasına prezident seçkiləri keçirmək olmuşdur. Tədbirlərə İndoneziyanın Təhsil Nazirliyi və digər dövlət qurumlarından nümayəndələr də qatılmışlar. İndoneziya dilində 32 universiteti təmsil edən xarici tələbələr arasında debat yarışmasında Azərbaycandan dövlət təqaüdçüsü Elmar İskəndərovun rəhbərlik etdiyi komanda bütün rəqiblərinə qalib gələrək birinci yeri tutmuşdur.
Debat yarışmalarından sonra İndoneziyanın Beynəlxalq Tələbə Assosiasiyasına keçirilən prezident seçkilərində bu ölkədə dövlət təqaüdü ilə beynəlxalq münasibətlər fakültəsində magistratura təhsili alan Elmar İskəndərov təşkilata vitse-prezident seçilmişdir.