CƏMİYYƏT
ASAN könüllüləri tərəfindən “Dostluq” turniri keçiriləcək
Bakı, 9 aprel, AZƏRTAC
“ASAN Könüllülük” Məktəbinin və “Qarabağ” futbol klubunun birgə əməkdaşlığı ilə “Dostluq” turniri keçiriləcək.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, turnir Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun əziz xatirəsinə həsr olunacaq.
Belə ki, aprelin 22-də futbol klubunun oyunçusu və baş məşqçisi kimi fəaliyyət göstərmiş, ərazi bütövlüyümüzün müdafiəsi uğrunda şəhid olmuş, Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun anadan olmasının 75-ci ili tamam olur.
Gənclərin diqqətinin bu əlamətdar təqvim gününə cəlb edilməsi, Milli Qəhrəmanımızın əziz xatirəsinin anılması və könüllülər arasında təbliği məqsədilə ASAN könüllüləri tərəfindən aprelin 12-dən 22-dək “Dostluq” turniri təşkil olunacaq.
Turnir çərçivəsində 12 qurumun könüllülərindən ibarət komandalar yarışacaq.