“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!
Bakı, 11 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən iyunun 14-də saat 00:00-dan iyunun 16-da saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejiminin tətbiqi ilə əlaqədar bəzi “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılacaq.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müvafiq Qərara əsasən iyunun 14-də Bakı şəhərindəki bütün “ASAN xidmət” və “ASAN Kommunal”, o cümlədən Sumqayıt, Gəncə və Kürdəmir regional “ASAN xidmət” mərkəzləri fəaliyyət göstərməyəcək.
İyunun 15-də isə Milli Qurtuluş Günü ilə əlaqədar bütün “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günüdür.
Həmin tarixlərdə hazır sənədlərin götürülməsi üçün mərkəzlərə müraciət etməli olan vətəndaşlar növbəti iş günlərində müvafiq xidmətlərdən yararlana bilərlər.
Xatırladaq ki, aprelin 27-dən etibarən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində vətəndaşların qəbulu “ASAN xidmət” mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir.