Aşıq Ələsgər aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırıb
Culfa, 13 mart, AZƏRTAC
Qədim Göyçə mahalında 1821-ci ildə anadan olan Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırıb, xalq ruhunda həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş edib. Azərbaycan aşıq sənətinin ümumbəşəri dəyərlər sırasında qorunan dünya qeyri-maddi mədəni irs nümunələri siyahısına salınması həm də Aşıq Ələsgər sənətinə ehtiramın ifadəsidir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirlər Aşıq Ələsgərin 200 illik yubileyinə həsr edilmiş tədbirdə səsləndirilib.
Muxtar respublikanın Culfa rayonunda keçirilən tədbir rayon İcra Hakimiyyəti, rayon Təhsil və Mədəniyyət şöbələrinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə çıxış edənlər qüdrətli söz ustadının həyat və yaradıcılığından ətraflı bəhs ediblər. Bildirilib ki, sənətkarın yubileyləri ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində respublikamızda və onun hüdudlarından kənarda qeyd edilib. Azərbaycanlıların əzəli yurdlarından olan qədim Göyçə mahalında, doğulduğu kənddə Aşıq Ələsgərin qəbirüstü abidəsi ucaldılıb. Həmin əzəmətli büst soydaşlarımız öz dədə-baba torpaqlarından didərgin salındıqdan sonra erməni vandalları tərəfindən dağıdılsa da, milli-mədəni varlığımızın tərkib hissəsinə çevrilmiş Aşıq Ələsgər irsi silinməz tarixi yaddaş rəmzi kimi yaşamaqdadır.
Tədbirin bədii hissəsində “Əlincə” ansamblı görkəmli söz ustadı Aşıq Ələsgərin poetik irsindən nümunələr təqdim edib, Culfa şəhər məktəbliləri qoşma və təsniflərini bədii qiraət ediblər.
Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında fevralın 18-də Sərəncam imzalayıb. Bununla əlaqədar Naxçıvan Muxtar Respublikasında təsdiq edilmiş Tədbirlər Planına əsasən muxtar respublikada ədibin yubileyi geniş şəkildə qeyd edilir.