“Aşıq Ələsgər və Azərbaycan folkloru” yaradıcılıq müsabiqəsinə start verilib
Bakı, 11 oktyabr, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Aşıq Ələsgər və Azərbaycan folkloru” mövzusunda yaradıcılıq müsabiqəsinə start verilib.
Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, müsabiqə BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin VII-X sinif şagirdləri arasında keçirilir.
Müsabiqənin əsas məqsədi təhsil nazirinin əmri ilə təsdiq olunmuş “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı”nın icrasını təmin etmək, təhsilalanları ustad sənətkarın həyat və yaradıcılığı, Azərbaycan folkloru və xalq ədəbiyyatının mühüm hissəsi olan aşıq sənəti ilə tanış etmək, xüsusi istedada malik olan şagirdləri üzə çıxarmaq, onların bədii-estetik zövqünü formalaşdırmaq və məktəblilərin yaradıcılıq səviyyələrinin yüksəldilməsinə dəstək verməkdir.
İki mərhələdən ibarət müsabiqə “Şeir”, “Mahnı” və “Yaradıcı iş” olmaqla 3 nominasiya üzrə keçirilir. Müsabiqəyə iştirakçılar yalnız bir nominasiya üzrə qatıla bilərlər.
Müsabiqənin I mərhələsi (məktəb mərhələsi) noyabrın 1-dək davam edəcək. Məktəb mərhələsində hər məktəbdən nominasiyalar üzrə ən yaxşı şeir, mahnı ifaçıları və yaradıcı iş müəllifləri seçilərək onlar barədə məlumat [email protected] elektron ünvanına göndərilməlidir.
Noyabrın 2-dən 25-dək keçiriləcək müsabiqənin II (şəhər) mərhələsində münsiflər heyəti tərəfindən qaliblər müəyyənləşdiriləcək.
“Şeir” və “Mahnı” nominasiyaları üzrə qiymətləndirmə zamanı ifaçının səhnə mədəniyyəti, təqdimetmə və vaxtın düzgün idarə olunması bacarıqları (3-5 dəqiqə), nitqin aydınlığı, səlisliyi və ifadəliliyi, məzmuna uyğun jest və mimikalardan istifadə, “Yaradıcı iş” nominasiyası üzrə isə işin mövzuya uyğunluğu, maraqlı ideya, fikri sərbəst ifadə etmək bacarığı, bədii təfəkkür, obrazlı düşüncə və ifadə tərzi, düzgün kompozisiya və ideyanın orijinallığı əsas meyarlar kimi götürüləcək. Hər bir meyar 5 balla qiymətləndiriləcək.
Müsabiqənin final mərhələsində hər nominasiya üzrə 1 nəfər I, 1 nəfər II, 1 nəfər isə III yer olmaqla, ümumilikdə 9 şagird qalib kimi müəyyənləşdiriləcək. Həmçinin müsabiqənin nominasiyaları üzrə 5 nəfər həvəsləndirici yerə layiq görüləcək, 15 şagirdə isə fəal iştiraka görə tərifnamə təqdim olunacaq.
Qaliblərə BŞTİ tərəfindən diplom və hədiyyələr veriləcək, şagirdləri müsabiqəyə hazırlaşdıran müəllimlər isə tərifnamə ilə təltif ediləcək.