AŞIQ ŞƏMŞİRİN YUBİLEY GECƏSİ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyunun 30-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, əməkdar incəsənət xadimi Aşıq Şəmşirin anadan olmasının 115 illiyinə həsr edilmiş yubiley gecəsi keçirilmişdir.
Tədbirin aparıcısı, xalq şairi Zəlimxan Yaqub ölkəmizdə aşıq poeziyasının inkişafında, dastan yaradıcılığında ustad aşığın xidmətlərindən, yaradıcılığının müxtəlif məqamlarından söz açmışdır. Vurğulanmışdır ki, Aşıq Şəmşirin Azərbaycan təbiətinin gözəlliyini tərənnüm edən şeirləri özünəməxsusluğu ilə seçilir. Qoşmaları bu gün də aşıqlarımızın dilindən düşməyən Dədə Şəmşir Azərbaycan Yazıçılar İttifaqının üzvü olmuşdur. Ustad aşığın xidmətləri “Şərəf nişanı” ordeni və medallarla qiymətləndirilmişdir. Folklorşünas alimlərimiz, şair Osman Sarıvəlli və başqaları onun yaradıcılığından bəhs edən kitab, qəzet və jurnal materialları yazmışlar.
Gecədə tanınmış aşıqlar Mahmud Göyçəli, Tərmeyxan Borçalı, Ramin Borçalı, Telli Borçalı, Ədalət Dəlidağlı, Cahangir Gədəbəyli və başqaları Aşıq Şəmşirin qoşma və gəraylılarını ifa etmişlər. Yubiley gecəsində Dövlət Mahnı Teatrı instrumental ansamblının müşayiəti ilə xalq artisti Zaur Rzayev, əməkdar artistlər Gülyaz və Gülyanaq Məmmədovalar, Bilal Əliyev aşığın sözlərinə bəstələnmiş mahnıları ifa etmiş, bədii qiraət ustaları, xalq artisti İlham Əsgərov, Şəhla Quliyeva yubilyarın şeirlərindən parçalar söyləmişlər.
Gecənin sonunda aşığın oğlu Qəmbər Qurbanov ailələri adından atasının xatirəsinə göstərilən diqqət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.