ASK KORRUPSİYAYA QARŞI MÜBARİZƏ KOMİSSİYASI İLƏ BİRGƏ LAYİHƏ HƏYATA KEÇİRMƏYƏ BAŞLAMIŞDIR
Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə birlikdə “Azərbaycan Respublikasının regionlarında sahibkarlar - işəgötürənlər arasında şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya ilə bağlı maarifləndirmə və məlumatlandırmanın təşkili” adlı layihə həyata keçirir.
AZƏRTAC xəbər verir ki, layihənin məqsədi regionlarda sahibkarların - işəgötürənlərin fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya ilə bağlı məlumatlandırma və maarifləndirmənin təşkili və təmin edilməsidir. Bu məqsədlə Gəncə, Lənkəran, Qusar, İmişli və Kürdəmir şəhərlərinin hər birində 25 sahibkar - işəgötürənin iştirakı ilə birgünlük seminarlar təşkil olunacaqdır. Seminarlarda iştirakçılara şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya ilə bağlı məlumatlar təqdim olunacaqdır.
Bunun üçün sahibkarlıq fəaliyyətinin hüquqi bazasını təşkil edən qanunvericilik aktları, korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericilik barədə məlumat, Dövlət proqramının və şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın şərhini əks etdirən tədris-metodiki materiallar hazırlanmışdır. Seminarlarda sahibkarlar tədris materialları ilə təmin ediləcək, layihə ekspertlərinin məruzələrini dinləyəcək, müzakirələr aparacaqlar.
İlk seminar aprelin 23-də Qusar şəhərində keçirilmişdir.
Layihə başa çatdıqdan sonra həmin rayonlarda şəffaflığın artırılması və Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Strategiyaya dair məlumat-informasiya mərkəzləri yaradılacaqdır.