AŞPA: Ermənistan hakimiyyəti su resurslarından siyasi təsir vasitəsi kimi istifadə etməyi dayandırmalıdır
Bakı, 27 yanvar, AZƏRTAC
Xəbər verdiyimiz kimi, AŞPA-nın plenar iclasında “Azərbaycanın sərhəd rayonlarının sakinləri qəsdən sudan məhrum edilib” adlı məruzə qəbul olunub.
Məruzədə bildirilir ki, içməli sudan maneəsiz istifadə hər bir dövlət üçün əsas hüquq, həyat mənbəyi və strateji əhəmiyyətə malikdir və sərhədlərin mövcudluğu bu istifadəni məhdudlaşdıra bilməz. Qəsdən sudan məhrumetmə günahsız vətəndaşlara zərər yetirmə vasitəsi kimi istifadə edilə bilməz. Qəsdən süni ətraf mühit böhranı yaratmaq “ekoloji təcavüz” kimi qəbul edilməli və ekoloji fəlakət zonaları yaratmaq, həmçinin aidiyyəti əhalinin normal yaşamını çətinləşdirmək məqsədilə bir dövlətin digərinə qarşı düşmənçilik hərəkəti kimi qiymətləndirilməlidir. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və digər ətraf ərazilərinin Ermənistan tərəfindən işğalı Azərbaycanın Aşağı Qarabağ bölgəsində yaşayan əhalisi üçün oxşar humanitar və ekoloji problemlər yaradır və AŞPA bunu pisləyir.
Məruzədə qeyd edilir ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazisində yerləşən Sərsəng su anbarında 20 ildən artıq dövr ərzində mütəmadi baxım işlərinin aparılmaması bütün ətraf ərazilər üçün təhlükə yaradır. Sərsəng su anbarının baxımsız vəziyyətdə qalması çoxsaylı insan tələfatı və yeni humanitar böhrana səbəb ola biləcək böyük fəlakətə gətirib çıxara bilər.
Bu vacib humanitar problem nəzərə alınaraq məruzədə Ermənistan silahlı qüvvələrinin sözügedən regiondan dərhal çıxarılması və bununla
müstəqil mühəndis və hidroloqlar tərəfindən yerində təhqiqat aparılmasının təmin edilməsi; sutoplama dövründə Sərsəng su resurslarının istifadəsi və onların saxlanmasının beynəlxalq idarəçiliyi; suvarma kanalları, Sərsəng və Madaqiz su anbarlarının vəziyyəti, payız və qış mövsümündə su verilməsi cədvəli və su hövzələrinin həddən artıq istismarına beynəlxalq nəzarət tələb edilir. Qətnamədə xüsusi olaraq Ermənistan hakimiyyətindən su resurslarından siyasi təsir və ya təzyiq vasitəsi kimi istifadə etməyi dayandırmaq tələb olunur.
Assambleya bu məsələ ilə bağlı hesabatın hazırlanması prosesində Ermənistan parlament nümayəndə heyəti və hakimiyyətinin əməkdaşlıq etməməsi faktını kəskin şəkildə pisləyir. AŞPA Ermənistanın bu kimi davranışının Avropa Şurasının tamhüquqlu üzvü kimi üzərinə götürdüyü öhdəliklərinə uyğun gəlmədiyini hesab edir, bu və parlamentarilərin səlahiyyəti dövründə yarana biləcək buna oxşar məsələlərdə atacağı addımları nəzərdən keçirir.