AŞPA-NIN KOMİTƏ İCLASINDA ERMƏNİ FİTNƏKARLIĞI PİSLƏNDİ
Bu problem ətrafında 5 məruzə dinlənildikdən sonra geniş müzakirələr aparılmış və həmin diskussiyaların davamı olaraq gələn il fevralın 27-də Strasburqda ayrıca kollokviumun keçirilməsi qərara alınmışdır.
Müzakirələrdə iştirak etmiş Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü deputat Rafael Hüseynov demişdir: Biz mədəniyyətlərarası dialoqun daha da inkişaf etdirilməsi zəruriyyətindən danışdığımız bu günlərdə Avropa Şurasının mərkəzi ofisinin yerləşdiyi şəhərdə - Strasburqda tamam əks hadisə baş verir. Dekabrın 6-da orada bələdiyyə mərkəzində ermənilərin səyi ilə Azərbaycana qarşı növbəti təxribat səciyyəsi daşıyan və Ermənistanın Azərbaycana yönələn yeni ərazi iddialarını əks etdirən sərgi açılmışdır. Sərgidə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının guya qədim erməni torpağı olduğu aparıcı mətnlərdə ayrıca qeyd edilir, Azərbaycana məxsus abidələr erməni irsi kimi təqdim olunur. Sərginin açılışında Ermənistanın xarici işlər naziri V.Oskanyanla yanaşı Strasburq bələdiyyəsindən də rəsmi şəxsin iştirakı və çıxış etməsi hadisəyə ciddi münasibət bildirmək zəruriyyətini ortaya çıxarır.
Ermənistan Avropa Şurası üzvü olan yeganə işğalçı dövlətdir və belə addımları ilə Ermənistan həyata keçirmiş olduğu təcavüzə nəinki son qoymaq, əksinə onu daha da genişləndirmək niyyətində olduğunu göstərir. Fransanın da həmsədr olduğu Minsk qrupu çərçivəsində danışıqların intensivləşdiyi bir vaxtda belə fitnəkar addımların atılması yolverilməzdir və Avropa Şurası buna sərt münasibət bildirməlidir.
Bu məsələyə münasibət bildirmiş komitə üzvləri azərbaycanlı deputatı dəstəkləmiş və Ermənistanın növbəti fitnəkar hərəkətini pisləmişlər.
AZƏRTAC-ın xüsusi müxbirinin bu sərgi ilə əlaqədar Azərbaycanın hansı addımları atmasının gərək olduğu ilə bağlı sualını cavablandıran deputat R.Hüseynov demişdir: Həmin sərgini Strasburqdakı Alzas-erməni dostluq cəmiyyəti təşkil edib. Bu, əlbəttə, zahirən belədir, əslində isə məsələdə Ermənistan dövlətinin bilavasitə əli var. Əsas təşkilatçı adı ortada olan Aida Rozenştil adlı bir erməni qadındır. O ərə getdiyi qoca yəhudinin Strasburqla, bütövlükdə Alzasda nüfuza malik soyadından istifadə edərək bu qəbil fitnəkar əməlləri gerçəkləşdirməyə müvəffəq olur və gələcəkdə də nələrsə edə bilər. Bizim soydaşların Strasburqda yaxşı icması var, ayrıca “Azərbaycan evi” təşkil ediblər. Düşünürəm ki, gələcəkdə işlərini daha yaxşı qurmaq üçün onlara Azərbaycandan dəstəyi qüvvətləndirmək lazımdır. Mən bu günlərdə həm Strasburqdakı Azərbaycan icmasının tanıdığım nümayəndələri, həm də orada təhsil alan azərbaycanlı tələbələrlə danışmışam, təxribat xarakterli sərgi ilə bağlı etirazlarını müxtəlif formalarda bildirmələrini rica etmişəm. Azərbaycanın bu məsələyə rəsmi münasibəti də olmalıdır. Çünki bu qəbil fitnələrin qarşısı dərhal alınmasa, sonra daha ciddi fəsadların ortaya çıxacağı qaçılmazdır.
Hələ 2006-cı ilin fevralında ermənilər Avropa Parlamentində Naxçıvandakı xaçkarların onlara məxsus olması və azərbaycanlılar tərəfindən guya dağıdılması ilə əlaqədar bəyanat qəbul edilməsinə nail olanda gərək biz intensiv işə başlayaydıq. Sadəcə etirazla iş bitmir. Haqq bizim tərəfimizdədir, ermənilərin yalan danışdığını isbat edən faktlar, onların xalqımıza, torpağımıza, mədəniyyətimizə qarşı törətdiyi vəhşiliklərlə bağlı saysız-hesabsız dəlillər əlimizdə olduğu halda ləng tərpənməyimiz bizə baha başa gələ bilər. Biz təcavüzkar, fitnəkar Ermənistanı daim küncə sıxışdırmalıyıq.
Sərgilərə gəlincə, biz gərək təxirə salmadan Azərbaycan mədəni irsinə, abidələrinə, qəbiristanlıqlarına qarşı törətdiyi vandalizm aktlarını bütün çılpaqlığı ilə əks etdirən fotolardan, maddi dəlillərdən ibarət stendlər, ekspozisiyalar hazırlayaraq, Avropada, ABŞ-da, dünyanın ən müxtəlif iri şəhərlərində nümayiş etdirək və bunun ətrafında da yaxşı ifşa, təbliğat kampaniyası quraq.
Mədəniyyət, Elm və Təhsil Komitəsinin toplantısında bu komitəyə daxil olan mətbuat üzrə alt komitənin noyabr ayının 29-30-da Bakıda keçirilmiş iclası və peşəkar jurnalistika təhsili və təliminin Avropa meyarları mövzusunda seminarları ilə bağlı hesabatları dinlənilmişdir. Bu məsələ ilə bağlı Böyük Britaniyadan olan deputat Ə.Makintoş və azərbaycanlı deputat R.Hüseynov çıxış edərək 10 ölkədən olan siyasətçilərin, deputatların və kütləvi informasiya vasitələri təmsilçilərinin iştirakı ilə keçirilmiş Bakı toplantısının faydalı olduğunu, mətbuatın, jurnalistika təhsilinin gələcək inkişafı üçün əhəmiyyətli tövsiyələr təqdim etdiyini vurğulamışlar.