AŞPA-nın komitə iclasında qaçqın və miqrantların problemləri diqqət mərkəzində olacaqdır
Bakı, 19 noyabr (AZƏRTAC). Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rövşən Rzayev AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclasında iştirak etmək üçün noyabrın 19-dan 21-dək Parisdə səfərdə olacaqdır.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iclasda əsasən İordaniya, Türkiyə, Livan və İraqda yerləşmiş Suriya qaçqınlarının vəziyyəti müzakirə ediləcək, onlara yardım göstərilməsinin yolları araşdırılacaqdır.
AŞPA-nın komitə iclasında İtaliyanın sahilyanı ərazilərinə müxtəlif ölkələrdən miqrant axını probleminə də nəzər salınacaq, miqrantlar və qaçqınlar arasında QİÇS-in yayılmasına qarşı mübarizə məsələsi ətrafında fikir mübadiləsi aparılacaqdır.