AŞPA-NIN MONİTORİNQ KOMİTƏSİNDƏ AZƏRBAYCANDA SEÇKİLƏRLƏ BAĞLI DİNLƏMƏLƏR KEÇİRİLMİŞDİR
Azərbaycan parlamentinin AŞPA-dakı nümayəndə heyətinin üzvü Aydın Mirzəzadə dinləmələr barədə AZƏRTAC-ın müxbirinə müsahibəsində demişdir: Müxalifət təmsilçiləri nümayəndə heyətimizin mandatlarının tanınmasına mənfi münasibətlərini, AŞPA-nın qərarından təəssüf etdiklərini açıq şəkildə söylədilər. Onlara yüksək tribunadan danışmağa imkan verilmədiyini bildirdilər və seçkilərdə pozuntulara dair həqiqətə uyğun olmayan fikirlər səsləndirdilər. Onları qane edən şərtlər yerinə yetirilmədiyi halda, qarşıdakı təkrar seçkilərdə iştirak etməyəcəklərini bəyan etdilər.
Milli Məclis sədrinin müavini Bahar Muradovanın və nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun gətirdikləri dəlil və sübutlar müxalifət təmsilçilərinin irəli sürdükləri bütün ittihamların tamamilə əsassızlığını, gətirdikləri rəqəmlərin əksəriyyətinin həqiqətə uyğun olmadığını göstərdi. Əslində, müxalifət indi bu məsələ ətrafında siyasi möhtəkirlik etməyə daha çox üstünlük verir, cəmiyyətdə sosial bazalarının olmamasını belə söhbətlərlə ört-basdır etməyə çalışır.
L.Platvoet müxalifət nümayəndələrini dəfələrlə mövzudan kənara çıxmamağa çağırdı və bildirdi ki, təkrar seçkilərdə iştirak etməmək onların demokratiyada bir addım geri atması deməkdir. Müxalifətdən seçilmiş deputatlar parlamentin iclaslarında iştirak etməli, məhz parlament vasitəsilə öz mövqelərini bildirməlidirlər.
Müxalifət nümayəndələri həmişə olduğu kimi, özlərinin zəif mövqelərini bu dəfə də nümayiş etdirdilər.