ELM VƏ TƏHSİL
Aşqarlar Kimyası İnstitutunda 8 Noyabr – Zəfər Gününə həsr olunan tədbir keçirilib
Bakı, 8 noyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda 8 Noyabr – Zəfər Gününə həsr olan bayram tədbiri keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən elmi müəssisənin baş direktoru akademik Vaqif Fərzəliyev Zəfər Gününün tarixinə nəzər salıb. Vurğulanıb ki, 2020-ci ildə Vətən müharibəsi günlərində qazanılan qələbələr, xüsusilə Şuşanın düşmən işğalından azad edilməsi müharibənin taleyində həlledici rol oynadı: “Biz qalib ölkənin qalib vətəndaşları olmağın qürurunu yaşayırıq. Bu şanlı tarix təkcə bizim üçün deyil, gələcək nəsillər üçün də qürur mənbəyi olacaq”.
Sonra institutun Gənc Alim və Mütəxəssislər Şurasının gənc mütəxəssisi Məcdi Nərgis 44 günlük Vətən müharibəsinə – Zəfər Gününə həsr olunmuş təqdimatla çıxış edib.
İnstitutun alimləri bu günün tarixi əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüb, gənc nəslə arzu və tövsiyələrini çatdırıblar.