Aşqarlar Kimyası İnstitutunda laboratoriyaların fəaliyyəti təkmilləşdiriləcək
Bakı, 9 aprel, AZƏRTAC
Aprelin 15-dən sonra Aşqarlar Kimyası İnstitutunun rəhbərliyi laboratoriyaların əməkdaşları ilə görüşlər keçirəcək, hər bir elmi işçinin illik fəaliyyət planına uyğun gördüyü fərdi işlər təhlil olunacaq və qərarlar veriləcək. Məqsəd prioritet istiqamətlərə uyğun olaraq laboratoriyaların fəallığının artırılması və işçilərin elmi işlərə təşviq edilməsidir.
Bunu institutun Elmi şurasının növbəti iclasında müəssisənin elmi işlər üzrə direktor müavini, dosent Əfsun Sucayev söyləyib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, Ə.Sucayev bu il fəlsəfə doktoru hazırlığı üzrə əyani doktoranturaya üzvi kimya və neft kimya ixtisasları üzrə sənəd verən namizədlərdən ikisinin Xarici dil, Fəlsəfə və ixtisas fənlərindən imtahanları uğurla verərək qəbul olunduqlarını söyləyib.
İclasda elmi şura üzvlərinin səsverməsi ilə hər iki doktorantın dissertasiya mövzusu və elmi rəhbərləri təsdiqlənib.
Sonra Elmi şuranın strukturunda dəyişikliklər və yeni üzvlərlə bağlı məsələ də müzakirə olunaraq qəbul edilib.
Çıxış edənlər gündəlikdəki məsələlərlə bağlı fikirlərini bildiriblər.