Asqırma mövsümi allergiyanın əsas əlamətlərindən biridir
Bakı, 18 may, AZƏRTAC
Allergik xəstəliklər ilin bütün fəsillərində baş verə bilər. Lakin orqanizmdən asılı olaraq bəzi allergiyalar mövsümi xarakter daşıdığından əsasən yaz və payız aylarında özünü daha qabarıq şəkildə göstərir. Bahar fəsli başlayan kimi ağac və çiçəklərin tozlanması nəticəsində mövsümi allergiya əlamətləri özünü büruzə verir.
Uşaq Bərpa Müalicə Mərkəzinin həkim-allerqoloqu Pərvanə Hüseynova bu barədə AZƏRTAC-a deyib: “Mövsümi allergiyalar burun tutulması, burun axması, asqırma kimi əlamətlər olduğuna görə bəzən qrip kimi də qiymətləndirilir. Mövsümi qriplə koronavirus tamamilə fərqlidir. Mövsümi qrip zamanı öskürək olmur, göz sulanması, göz qaşınması, burun axıntısı olur, bayıra çıxarkən dalbadal asqırmalar baş verir. Koronavirusa yoluxmanın ilk 3-4 günündə heç bir əlamət olmur, sonra dərmanlara tabe olmayan yüksək hərarət, əsasən quru öskürək və onun ardınca pnevmoniyaya keçid baş verir. Koronavirusda asqırma nadir hallarda ola bilər”.
Həkim-allerqoloq mövsümi allergiyalar zamanı gözlərdə sulanma olduqda mütləq şəkildə gün eynəklərindən istifadə etməyin lazım gəldiyini söyləyib: “Bu zaman apteklərdə satılan allergiya əleyhinə olan xüsusi gellərin burun ətrafına çəkilməsi maqnit rolu oynayır, ətrafdakı çiçək və ağac tozcuqlarını tutub saxlayır və onun nəfəs yollarına daxil olmasına mane olur. Qaşınma və qızartını aradan qaldırmaq üçün steroid tərkibli kremlərdən 5-7 gün istifadə etmək olar, lakin ondan çox istifadə edilməsi dəridə atrofiyaya səbəb ola bilər. Çiçək tozlanmaları adətən daha çox səhər tezdən saat 5-6 və axşam 6-7 radələrində yüksək olur və həmin saatlarda bağa, həyətə, parka çıxmamaq məsləhətdir. Qoruyucu kimi maskalardan da istifadə etmək olar, lakin bəzən maskaya qarşı da allergiya olur. Həm də maskalar ən geci 3 saatdan bir dəyişdirilməlidir”.
Həkimin verdiyi məlumata görə, tərkibində dadlandırıcı və boyayıcı maddələr olduğuna görə bəzən şirniyyatlar da allergiya verə bilər. Yaz allergiyası çox şiddətli və astmaya çevriləcək qədər təhlükəli olarsa, simptomatik müalicə ilə yanaşı onu törədən hansı bitki və toz olduğu aşkarlanandan sonra immunoterapiya vasitəsindən də istifadə olunur.