ASTANADA İKİNCİ AVRASİYA QADINLAR FORUMU KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyi BMT-nin Qadın İnkişafı Fondu ilə birgə Astanada İkinci Avrasiya Qadınlar Forumu keçirmişdir. Forumda Azərbaycan, Almaniya, ABŞ, Rusiya, Böyük Britaniya, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və digər ölkələrdən ictimai-siyasi həyatda tanınmış, həmçinin biznes sahəsində uğur qazanmış 400-dək qadın iştirak etmişdir.
Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva da forum iştirakçıları arasında olmuşdur.
BMT baş katibinin gender siyasəti və cəmiyyətdə qadınların vəziyyətinin yaxşılaşdırılması üzrə müşaviri Reyçel Mayanca son illərdə MDB ölkələrində gender bərabərliyinin çox uğurla tətbiq edildiyini bildirmiş, bu sahədə qazanılmış uğurlar haqqında məlumat vermişdir.
Forumda gender siyasətinin istiqamətləri, rəqabətədavamlılıq, əmək və biznes bazarında liderlik, sahibkarlıq və biznes, gender siyasətinin dövlət tərəfindən dəstəklənməsinin əhəmiyyəti, həmçinin dünya qadınlarını narahat edən digər mövzularda müzakirələr aparılmışdır.
Leyla Əliyeva Azərbaycanda bu sahədə görülən işlər haqqında məlumat vermişdir.