Astanada Müslüm Maqomayevin xatirəsinə həsr olunan konsert təşkil olunub
Astana, 25 oktyabr, AZƏRTAC
Qazaxıstanın paytaxtı Astanada Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin və məşhur müğənni, SSRİ Xalq artisti İosif Kobzonun yaradıcılığına həsr olunan konsert təqdim edilib.
AZƏRTAC xəbər verir ki, Astana şəhər Akimliyinin (qubernatorluğu) təşkilatçılığı və Azərbaycanın Qazaxıstandakı səfirliyinin dəstəyi ilə təşkil edilən konsertdə Müslüm Maqomayevin həyat və yaradıcılığından, parlaq və təkrarolunmaz konsertlərindən, aktyor kimi təkrarsız rollarından söz açılıb.
Tamaşaçılara müasir musiqi mədəniyyətinin zənginləşməsində Müslüm Maqomayevin müstəsna xidmətləri və qeyri-adi istedada malik sənətkarın vokal ifaçılığının qızıl fondunu təşkil edən misilsiz opera sənəti inciləri yaratdığı barədə məlumat verilib. Bildirilib ki, Müslüm Maqomayev ötən əsrin 70-ci illərində sovet estradasının yeni simasının formalaşmasında böyük rol oynayıb. Onun repertuarında 600-dən çox əsər yer tutur. Azərbaycanda doğulub boya-başa çatan, təhsil alan bu dahi insan mədəniyyətimizin nailiyyətlərini dünyaya tanıdıb.
Qazaxıstanın tanınmış vokalçıları da onun yaradıcılığına tez-tez müraciət etdiklərini və mahnılarını sevə-sevə oxuduqlarını bildirdilər. Onun estrada mahnıları ilə opera ariyalarını eyni dərəcədə gözəl ifa etdiyini deyən vokalçılar, Müslüm Maqomayevin “Toska” və “Sevilya bərbəri” operalarında yaratdığı rollarının, eləcə də 1966-1969-cu illərdə Parisin məşhur “Olimpiya” Teatrında unudulmaz çıxışlarının bu gün də xatırlandığını söyləyiblər.
Konsertdə müğənnilərin repertuarından mahnılar ifa olunub.
“İnsanla qalacaq mahnı” adlı musiqili layihənin redaktoru Qazaxıstanın Əməkdar mədəniyyət xadimi Aleksandr Ablayev, “Astana” estrada simfonik orkestrinin dirijorları isə Alibi Abdinurov, Məhəmməd Musadır. Konsertin bədii rəhbəri Serik Dövlətovdur.
Konsertdə Əməkdar artistlər Serik Tokpanov, Talqat Musabayev, Azamat Jeltırqozov, bir sıra beynəlxalq müsabiqələrin laureatları Alibek İzbasarov və Kazbek Kurmanov Müslüm Maqomayevin “Elegiya”, “Sənə minnətdaram”, “Melodiya”, “Toy”, “Mavi əbədiyyət” və başqa mahnılarını ifa ediblər.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana