Astarada Vətən müharibəsi şəhidinin ailəsi ziyarət edilib
Bakı, 10 oktyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, tankçı şəhid Arif Qeybiyevin Astara rayonunda yaşayan ailəsini ziyarət edib, onun yadigarı olan qızı Gülnur ilə görüşüb.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ziyarət zamanı Vətən müharibəsində tankçı kimi iştirak edən şəhidin vətənpərvərliyindən və döyüş yolundan danışılıb. Onun əziz xatirəsinin qəlbimizdə əbədi yaşayacağı vurğulanıb.
Şəhidin ailəsi zəruri sosial dəstək tədbirləri ilə əhatə olunub, ailə üzvlərinə sosial ödənişlər təyin edilib və onların bundan sonra da daim qayğı ilə əhatə olunacağı qeyd olunub.
Arif Qeybiyev Füzuli uğrunda gedən döyüşlər zamanı şəhid olub. Prezident İlham Əliyevin sərəncamları ilə o, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.