ATƏT AZƏRBAYCANDA SEÇKİLƏR HAQQINDA MƏLUMATIN AÇIQLANMASININ ƏLEYHİNƏDİR
- Dövlətin idarə olunmasında vətəndaşların iştirak hüquqlarının gerçəkləşdirilməsi məsələləri sahəsində neçə ildən bəri işləyən mütəxəssis kimi mən ATƏT-in dəvəti ilə bu təşkilatın missiyası tərkibində Azərbaycanda oldum. ATƏT-in missiyası çərçivəsində Rusiyadan yola düşərkən, - biz rusiyalılar təxminən yüz nəfər idik, - “məxməri inqilablar” adlı oyunun “final mərhələsini” görmək ümidində idik, çünki bütün yay ərzində və payızın əvvəllərində iqtidar və müxalifət mübarizə aparırdı. Mətbuatda da böyük hay-küy qaldırılmışdı. Bir sözlə, bütün bunları öz gözlərimizlə görmək, bu “oyun”un hakiminin isə kim olduğunu öyrənmək çox maraqlı idi.
ATƏT-in missiyasının mənası nədədir? Əvvəla, o, seçkiləri təşkil edən milli orqanlara kömək göstərir, ikincisi isə, dövlətin beynəlxalq birlik qarşısındakı öhdəliklərini yerinə yetirməsi prosesinə nəzarət edir. Biz Azərbaycana gəldikdə, guya başlanmalı olan “məxməri inqilab”ın hətta əlamətini belə görmədik. ATƏT missiyasının hansı tərzdə işləməsi istisna olmaqla, qalan hər şey öz sakit axarında gedirdi. Mən yəqin etdim ki, missiya heç də təmiz oyun oynamır. Mənə müqavilə imzalamağı təklif etdilər. Müqavilənin bəndlərindən birində deyilirdi ki, “ATƏT-in ilkin razılığı olmadan ATƏT eksperti/məsləhətçisi ATƏT-in nümayəndəsi olmaq sayəsində müşahidələrin gedişində əldə etdiyi informasiyanı vermək məqsədi ilə ATƏT çərçivəsindən kənarda hər hansı şəxslərlə, hakimiyyət nümayəndələri və digər rəsmi şəxlərlə ünsiyyətdə olmamalıdır. Bu vəziyyət həmin müqavilənin qüvvədə olduğu müddət bitdikdən sonra da davam edir”. Müşahidənin gedişində aldığım informasiyanı açıqlamağı mənə qadağan edən həmin bəndlə razılaşa bilməzdim və bunu ATƏT nümayəndələrinin nəzərinə çatdırdım. Cavab aldım ki, belə olan halda onlar mənə geri qayıtmağa bilet verə bilməzlər. Ona görə də mən öz hesabıma geri qayıtmağa məcbur oldum.
Bəs niyə belə olur? ATƏT missiyası seçki prosesinin gedişini müşahidə edir və söhbət postsovet ölkələrindən getdikdə, ATƏT Assambleyasının nümayəndələri əvvəlcədən pozuntuları üzə çıxarmağa köklənirlər və bununla da siyasi vəziyyəti sarsıdırlar. Mən bunu onların bizi, ATƏT müşahidəçilərini, “işə hazırladıqları” gün bir daha yəqin etdim. Mühazirələrin gedişində bizə Azərbaycanda nələr baş verdiyini söyləyir və həyata keçirməli olduğumuz funksiyalara lap az vaxt ayırırdılar. Yəni, göstərişlər açıq-aşkar siyasi xarakter daşıyırdı, ATƏT-in seçkilərdə fəaliyyəti müşahidəçilərin rəylərinə əsalanmamalı idi, bütün nəticələr qabaqcadan çıxarılmışdı. Bu, ATƏT missiyasının rəyində aydınca səsləndi, həmin rəy müşahidəçilərin məruzələrinə əsaslanmırdı, əksinə, siyasi xarakter daşıyırdı.
Azərbaycanda parlament seçkilərində ATƏT-in fəaliyyətindəki səhvlər daha nədə idi? Əvvəla, seçkilərin gedişinin müşahidəsinə dair planlaşdırılmış iş olmamışdır. Seçkilər prosesinin geniş monitorinqi nəzərdə tutulmamışdı. İkincisi, zənnimcə, barmaqların işarələnməsi barədə seçkilərə az qalmış yeni şərt qoyulması qəsdən edilmişdi ki, səsvermənin gedişində müəyyən dərəcədə dolaşıqlıq yaratsınlar. Buna heç bir lüzum yox idi, çünki Azərbaycan qanunvericiliyində onsuz da ikiqat nəzarət göstərilmişdir: bir tərəfdən, Rusiyada olduğu kimi, siyahılar üzrə səs verilməsi, digər tərəfdən isə, seçici vəsiqəsi nəzərdə tutulmuşdur. Odur ki, üçüncü müdafiə sistemini tətbiq etməyin, zənnimcə, seçki komissiyalarının işini dolaşığa salmaqdan, seçkilərin gedişində pozuntu hesab edilə biləcək prosedur qarışıqlığı yaratmaqdan savayı, ayrı heç bir mənası yox idi.
Bir daha seçkilərin nəticələri barədə. ATƏT yoxlamadan vətəndaşların hər bir müraciətini və ya telefonla zənglərini pozuntular kimi qeydə alırdı. Halbuki, pozuntular barədə telefon zəngləri ilə verilən məlumatları yoxladığımız zaman əksəriyyəti təsdiqini tapmamışdır.
ATƏT missiyasının açıqladığı yekun rəyinin təxminən 80 faizi seçkilərin gedişini izləmiş müşahidəçilərin məlumatı əsasında deyil, üç ay ərzində Azərbaycanda olmuş uzunmüddətli müşahidəçilərin təhlili əsasında tərtib edilmişdi. Yeri gəlmişkən, bununla əlaqədar məndə sual yaranır - əgər seçkilər barədə ATƏT-in rəyi uzunmüddətli müşahidə əsasında hazırlanırsa, onda, ümumiyyətlə, nə üçün səs verirdilər? Əgər hesab edirsinizsə ki, 6 noyabrda seçkilər açıq, azad keçirilə bilməzdi, onda nə üçün qabaqcadan bəyanat verilməmişdir? Həmişə, missiyanın işlədiyi bütün hallarda seçkilərin siyasi nəticəsinni gözləyir və bundan sonra bəyanat verirlər. Beləliklə, çıxışıma yekun vuraraq, demək olar ki, ATƏT-in müşahidə missiyasının ayrı-ayrı nümayəndələrinin addımları bu təşkilatı elə bir təhlükəli həddə gətirib çıxarır ki, bundan o yana təşkilat ya süquta uğrayacaq, ya da onu yenidən təşkil etmək lazım gələcəkdir. Düşünürəm ki, belə davam etsə, ATƏT yaxın vaxtlarda buna gəlib çıxacaqdır.