ATƏT NÜMAYƏNDƏSİ AZƏRBAYCANDA VƏTƏNDAŞ CƏMİYYƏTİNİN İNKİŞAFI İSTİQAMƏTİNDƏ ATILAN ADDIMLARI YÜKSƏK QİYMƏTLƏNDİRMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 19-da Milli Məclisdə ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Xose Luis Herrero Ansola Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, parlamentin deputatı Azay Quliyevlə görüşmüşdür.
A.Quliyev yeni yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının formalaşması, fəaliyyəti və onun yaxın zamanlarda həyata keçirəcəyi işlər haqqında qonağa ətraflı məlumat vermişdir.
Sədr tezliklə qurum üçün binanın ayrılacağına və QHT-lərlə birbaşa əməkdaşlığa başlanacağına inamını ifadə etmişdir. Şuranın QHT-lərə maliyyə ayırmalarının prinsiplərindən danışan sədr bildirmişdir ki, QHT-lərə müxtəlif sahələrdə verilən dövlət dəstəyi zamanı hər hansı ayrı-seçkiliyə yol verilməyəcək, hamı üçün bərabər şərait yaradılacaqdır.
Eyni zamanda, Azay Quliyev Şuranın ATƏT və digər beynəlxalq təşkilatlarla yaxından əməkdaşlıq etməkdə, həmçinin bu sahədə beynəlxalq təcrübəni diqqətlə öyrənməkdə maraqlı olduğunu da səfirin nəzərinə çatdırmışdır.
Xose Luis Herrero Ansola Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılmasını, ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı istiqamətində atılan addımları yüksək qiymətləndirmişdir.
Görüşdə, həmçinin qarşıdan gələn prezident seçkilərinə hazırlıq, seçki komissiyalarının tərkibi, seçki kampaniyasının müddəti, dövlət televiziyasında təbliğatın keçirilməsi və yerli icra hakimiyyəti orqanlarının seçkilərə müdaxiləsinə qadağa məsələləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.