ATMU ilə Girne Amerikan Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb
Bakı, 13 may, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Şimali Kipr Türk Cümhuriyyətinin Girne Amerikan Universitetinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə Girne Amerikan Universitetinin rektoru professor Serdar Yurtsever, rektorun müşaviri Celal Sakka, baş katib Aylin Ayhan, Beynəlxalq tələbə və akademiklər şöbəsinin rəhbəri Almula Umay Karamanlioğlu iştirak ediblər.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı tərəflər iki universitet arasında akademik əlaqələrin genişləndirilməsi, tələbə və müəllim mübadiləsi, birgə elmi layihələrin həyata keçirilməsi və turizm təhsili sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov bildirib ki, beynəlxalq tərəfdaşlıqlar ali təhsil müəssisələrinin inkişafına mühüm töhfə verir və bu cür əməkdaşlıqlar tələbələrin daha geniş imkanlar əldə etməsinə şərait yaradır. Rektor çıxışında beynəlxalq əməkdaşlığın ali təhsil müəssisələrinin inkişafında mühüm rol oynadığını vurğulayaraq, Girne Amerikan Universiteti ilə əlaqələrin hər iki tərəf üçün faydalı olacağına əminliyini ifadə edib. O, gələcəkdə ortaq layihələrin və akademik təşəbbüslərin uğurla həyata keçiriləcəyinə inandığını deyib.
Girne Amerikan Universitetinin rektoru isə ATMU ilə qarşılıqlı əməkdaşlığın gələcəkdə uğurlu nəticələr verəcəyini söyləyib.
Sonda tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb.