AVROPA ÇEMPİONATININ YEKUN MƏRHƏLƏSİNDƏ 24 YIĞMA KOMANDA MÜBARİZƏ APARACAQDDIR
2016-cı ildən etibarən Avropa çempionatlarının yekun mərhələsində iştirak edən milli komandaların sayı 16-dan 24-ə çatdırılacaqdır.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Şotlandiya və İrlandiya futbol federasiyaları tərəfindən ötən il irəli sürülmüş bu birgə təklif UEFA-ya üzv olan 53 ölkənin nümayəndələrinin Vyanada keçirilmiş toplantısında yekdilliklə dətəklənmişdir. Bu barədə yekun qərar isə cari ilin sentyabr ayının sonunda UEFA icraiyyə komitəsinin Fransanın Bordo şəhərində keçiriləcək iclasında qəbul ediləcəkdir.
İştirakçı komandalarının sayının artırılacağı və Avropa ölkələrinin yarısının yekun mərhələdə iştirak edəcəyi təqdirdə keyfiyyət itkisinin yaranacağı haqda tənqidlərə fikrini bildirən UEFA prezidenti Mişel Platini demişdir ki, ötən əsrin 80-ci illərinədək Avropa çempionatının yekun mərhələsində cəmi 8 komanda mübarizə aparırdı. İndi isə iştirakçıların sayı 16-ya bərabərdir və keyfiyyət itkisindən əsla söhbət ola bilməz. Komandaların sayının artırılması keyfiyyətə mənfi təsir göstərməyəcək və daha maraqlı bir turnir izləməyə imkan verəcəkdir.
Qeyd edək ki, Avropa çempionatının yekun mərhələsi beş dəfə (1960-cı ildən 1976-cı ilədək) yalnız 4 komandanın, 1980-1992-ci illərdə 8 komandanın iştirakı ilə keçirilmişdir. 1996-cı ildən isə indiki formatın (16 yığma komanda) tətbiqinə başlanılmışdır.