AVROPA FUTBOL ÇEMPİONATINDA KİM NƏ QƏDƏR QAZANA BİLƏR?
Danimarkalılar Avro-2004-də qalib gələrsə, futbolçuların hər biri 373 min avro alacağına ümid bəsləyə bilər. Bundan əlavə, komandanın oyunçuları birincilikdə iştiraka, habelə bütün qələbə və heç-heçələrə görə bonuslar alacaqlar.
Fransanın hər bir oyunçusuna çempionatda qələbəyə görə 230 min avro veriləcək, lakin komanda, iki il bundan əvvəl dünya birinciliyində olduğu kimi, növbəti mərhələyə çıxmasa, futbolçular heç nə almayacaqlar.
Portuqaliyalı futbolçuların hər birinə çempion adına görə 200 min avro və növbəti mərhələyə çıxmağa görə 35 min avro vəd edirlər.
İspaniya komandası üçün də maddi həvəsləndirmənin məbləği elə bu qədərdir. Onlar da dörddə bir finala çıxa bilməsələr, heç nə almayacaqlar.
Almaniya Milli Federasiyasının rəhbərliyi ölkənin yığma komandasının qələbəsini hər bir oyunçu üçün 100 min avro məbləğində qiymətləndirəcəkdir.
Rusiya komandasına qrup turnirində qələbəyə görə 2,35 milyon avro, üstəlik, qələbələrə və heç-heçələrə görə bonuslar vəd edilmişdir. Rusiya futbolçuları Avropa birinciliyinin finalına çıxsalar, bir o qədər də alacaqlar. Rusiya Futbol İttifaqının rəhbəri Vyaçeslav Koloskovun sözlərinə görə, bu pullar oyunçular, məşqçilər və texniki heyət həkimlər, massajçılar və hətta aşpazlar arasında bölüşdürüləcəkdir.
Avropanın maliyyə cəhətdən bir qədər zəif dövlətlərinin yığma komandalarına gəldikdə isə, onlarda mükafatlar aşağıdakı qaydada bölüşdürülür: rusiyalılar kimi, Çexiya futbolçuları da çempionatda iştirak etdiklərinə görə UEFA-nın ödənişinin 50 faizini alacaqlar, lakin Portuqaliya və Avstriyada məşq toplantıları müddətində dolanışıq xərci həmin məbləğdən çıxılacaqdır.
Bolqarıstan komandası növbəti mərhələyə çıxarsa, ölkənin İdman Nazirliyi ona 102,3 min avro ödəyəcəkdir. Bundan əlavə, Milli Futbol İttifaqı oyunçulara mükafatlar verəcəkdir. Mükafatların məbləği açıqlanmır.
Bu mötəbər futbol turnirinin final mərhələsinə ilk dəfə çıxmış Latviya komandası öz sponsorları ilə mükafatlar barədə danışıqlar aparır, İsveç yığma komandasının oyunçuları isə, udub-uduzacaqlarından asılı olmayaraq, təsbit edilmiş əmək haqqı ilə kifayətlənəcəklər. Bununla belə, komandanın məşqçiləri uğurlu çıxışa görə oyunçulara bonuslar vəd edirlər.