AVROPA İTTİFAQI AZƏRBAYCANA XÜSUSİ DİQQƏT YETİRİR
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi kimi regiona sonuncu dəfə səfər etdiyini diqqətə çatdıran H.Talvitiye Bakıda keçirdiyi görüşlərdə Aİ-Azərbaycan münasibətlərinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin və enerji məsələlərinin müzakirə edildiyini demişdir.
Respublikamızın Avropa təsisatlarına inteqrasiyası siyasətinin və bu sahədə münasibətlərin inkişaf etdirilməsinin Avropa İttifaqı tərəfindən dəstəkləndiyini bildirən diplomat, Avropa Qonşuluq Siyasəti çərçivəsində fəaliyyət planının müzakirə olunduğunu söyləmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində Praqa prosesi çərçivəsində aparılan danışıqlarda son vaxtlar fəallaşmanın müşahidə olunduğunu vurğulayan xüsusi nümayəndə, təmsil etdiyi qurumun münaqişənin həllindən sonra bərpa işlərinə maliyyə vəsaiti ayıracağını bildirmişdir.
Ölkəmizin təkcə enerji ehtiyatlarına sahib olmadığını, eyni zamanda, region ölkələrində çıxarılan neft və qazın Avropaya nəqli baxımından əhəmiyyətli coğrafi mövqedə yerləşdiyini diqqətə çatdıran H.Talvitiye, ən böyük enerji alıcılarından biri kimi, Aİ-nin Azərbaycana xüsusi diqqət yetirdiyini bəyan etmişdir.
H.Talvitiye Aİ-nin digər Cənubi Qafqaz ölkələrinə nisbətən, Azərbaycana daha az maddi yardım ayırmasını ölkəmizin özünün maliyyə imkanlarının yaxşı olması ilə əlaqələndirmişdir. Onun sözlərinə görə, Aİ Ermənistan və Gürcüstanla müqayisədə maliyyə yardımına daha az ehtiyac duyan Azərbaycana texniki yardımlar göstərməkdə maraqlıdır.
Ötən ilin noyabrında Azərbaycanda keçirilən parlament seçkilərinin demokratiyanın inkişafı baxımından irəliləyiş olduğunu qeyd edən xüsusi nümayəndə, seçki saxtakarlığına yol verənlərin cəzalandırılmasını müsbət hal kimi qiymətləndirmişdir.