Avropa İttifaqının dəstəyi ilə nəqliyyat sahəsində ekspert missiyası öz işinə başlayıb
Bakı, 21 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü və Avropa İttifaqının (Aİ) dəstəyi ilə Avropanı Birləşdirmə Mexanizmləri (Connecting Europe Facility - CEF) imkanlarından istifadə edə bilmək, bu mexanizm çərçivəsində layihələrin maliyyələşdirilməsi üzrə ittifaqın təcrübəsinin öyrənilməsinə dair ekspert missiyası öz işinə başlayıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirilib ki, TAIEX yardım aləti çərçivəsində keçirilən ekspert missiyasının məqsədi nəqliyyat sahəsində Avropa İttifaqının əsas maliyyə aləti olan CEF-ə dair məlumatları təqdim etməkdir. Bu tədbir CEF vasitəsilə nəqliyyat infrastrukturunun maliyyələşdirilməsi metodologiyasının həyata keçirilməsinə, Aİ-nin uğurlu təcrübəsinin öyrənilməsinə şərait yaradacaq.
Xorvatiya Respublikasının Avropa İttifaqı yanında Daimi Nümayəndəliyinin birinci katibi, nəqliyyat üzrə mütəxəssis Kristian Lezakın iştirakı ilə gerçəkləşdirilən ekspert missiyası iki gün davam edəcək.
Tədbirdə nəqliyyat sahəsində müvafiq qurumların nümayəndələri iştirak edirlər.