AVROPA İTTİFAQININ KOMİSSARI NABUCCO QAZ KƏMƏRİNİN TİKİNTİSİ LAYİHƏSİNƏ TƏŞKİLATİ DƏSTƏK VƏD ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Andris Pibalqs Avropa Komissiyasının Xəzər dənizinin Azərbaycan sektorundakı yataqlarından enerji daşıyıcılarının Avropa bazarına alternativ nəqlini təmin edəcək Nabucco qaz kəməri tikintisi layihəsinə təşkilati dəstək göstərməyə hazır olduğunu təsdiq etmişdir. Bunu Avropa komissarı mayın 12-də Brüsseldə Nabucco konsorsiumunun sədri Reynhard Mitşeklə görüşü zamanı bəyan etmişdir. R.Mitşek öz növbəsində A.Pibalqsı layihənin inkişafı və maliyyələşdirilməsi barədə məlumatlandırmışdır.
Görüşdə Avropa Komissiyasının tez və əhəmiyyətli nəticə əldə edilməsi məqsədilə dövlət yardımının cəlb olunması üçün layihənin iştirakçısı olan bütün ölkələrə qanunverici qaydada imtiyazlar verməyə hazır olduğu vurğulanmışdır. Aİ qanunvericiliyinə müvafiq olaraq, Avropa Komissiyası enerji daşıyıcılarının nəqlinin təhlükəsizliyi üçün böyük əhəmiyyət daşıyan layihələri, bu layihələrin iştirakçılarına əsas fondlara uzunmüddətli kapital yatırmağa icazə verilməsi yolu ilə dəstəkləyə bilər. Bu günədək həmin icazəni yalnız Avstriya almışdır. Avropa Komissiyası Macarıstan, Bolqarıstan və Rumıniyadan daxil olan müvafiq sifarışləri nəzərdən keçirir.