AVROPA KOMİSSİYASININ TÜRKİYƏ İLƏ ƏLAQƏDAR HESABAT MƏRUZƏSİ ANKARADA MÜSBƏT QARŞILANMIŞDIR
Avropa Birliyinin komissarı Günter Ferhoygen də komissiyanın qərarı ilə əlaqədar mövqeyini açıqlamış və bildirmişdir ki, bu qərar ancaq tövsiyə xarakteri daşıyır. Əsas qərar dekabrın 17-də Avropa Birliyi ölkələri dövlət və hökumət başçılarının zirvə görüşündə veriləcəkdir. Komissiya Türkiyə ilə AB-yə tamhüquqlu üzvlük müzakirələrinin başlanmasını tövsiyə etmişdir. Bu prosesin nə zaman başlayacağı və nə zaman nəticələnəcəyi haqqında qərar zirvə görüşündə aydın olacaqdır.
Komissiya həmçinin Bolqarıstan və Rumıniya ilə əlaqədar qərar qəbul etmişdir. Hər iki ölkənin tamhüquqlu üzvlüyü ilə əlaqədar müzakirələr aparılır və nəticələr qənaətbəxşdir. Hər iki ölkənin 2007-ci ildə Avropa Birliyinin üzvlüyünə qəbulu planlaşdırılmışdır.
Avropa Komissiyasının qərarı Ankarada müsbət qarşılanmışdır. Türkiyə siyasətçiləri dekabrın 17-də keçiriləcək zirvə görüşündə də müsbət qərar çıxarılacağına ümidvardırlar. Hazırda söhbət Türkiyə ilə müzakirələrin başlanıb-başlanmayacağı deyil, nə zaman başlanacağı və nə zaman nəticələnəcəyi haqqında gedir. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Strasburqda AŞPA-dakı çıxışında demişdir ki, müzakirə prosesinin 2005-ci ilin birinci yarısında başlayacağını gözləyir.