İQTİSADİYYAT
Avropa Pul Viktorinasının final mərhələsi keçirilib


Bakı, 10 may, AZƏRTAC
Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə milli mərhələsi keçirilmiş Avropa Pul Viktorinasının final mərhələsi baş tutub.
AZƏRTAC ABA-ya istinadla xəbər verir ki, Azərbaycan məktəblilərinin ilk dəfə qoşulduğu yarışmada ölkəmizi 257 nömrəli məktəbin şagirdi Fərid Rəcəbov və 220 nömrəli məktəbin şagirdi Pərviz Fərzəliyev təmsil edib. Brüsseldə keçirilən Avropa Pul Viktorinasının final mərhələsi 2 turdan ibarət olub. İştirakçılar hər turda 15 sualı cavablandırıblar. 28 ölkədən 56 məktəblinin mübarizə apardığı yarışmanın nəticələrinə görə, ölkəmizi təmsil edən komanda ilk 10-luqda qərarlaşıb. Yarışmada ilk yeri Sloveniya, ikinci yeri Makedoniya, üçüncü yeri isə Almaniya təmsilçiləri tutub.
Avropa Banklar Federasiyasının keçirdiyi Avropa Pul Viktorinasında ilk üç yerin qalibləri pul mükafatı, digər iştirakçılar isə fərqlənmə diplomları ilə təltif edilib.
Yarışmanın keçirilməsində əsas məqsəd məktəblilərin maliyyə savadlılığının artırılmasını dəstəkləməkdir.