AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ KOMİTƏLƏRİNDƏ
Dekabrın 16-da Parisdə Avropa Şurası Parlament Assambleyasının hüquq məsələləri və insan hüquqları komitəsinin növbəti iclası keçirilmişdir. İclasda ölkəmizi təmsil etmiş Milli Məclisin deputatı Rəfael Hüseynov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, gündəliyə əsasən, üzv dövlətlərdə işarələr dili, terrorizmin qarşısının alınmasına dair Avropa Konvensiyasının protokolunda dəyişikliklər edilməsi, Şərqi Avropa dövlətlərinin vətəndaşlarına viza verilməsində məhdudiyyətlərin aradan qaldırılması, Belarusda və Çeçenistanda vəziyyətlə bağlı məsələlər geniş müzakirə olunmuşdur.
R.Hüseynov hazırda Avropada eşitmə qabiliyyətini itirmiş 4 milyondan artıq insanın təhsil alması, mütaliə imkanı əldə etməsi üçün xüsusi təcrübəyə ehtiyac duyulduğunu bildirmiş, bu sahədə Skandinaviya ölkələrinin təcrübəsindən yararlanmağın və əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin zəruriliyini qeyd etmişdir.
Deputat Avropa Konvensiyasının protokoluna dəyişikliklərdə Azərbaycanın Ermənistan tərəfindən dövlət terrorizminə məruz qalan bir ölkə kimi əksini tapması təklifini irəli sürmüşdür.
Dekabrın 16-17-də isə ətraf mühit, kənd təsərrüfatı, məhəlli və regional işlər komitəsinin iclasında ətraf mühit və insan hüquqları, gənc nəslin yetişməsində milli parlamentlərin rolu, aqrar sahənin inkişafı məsələlərinin müzakirəsi olmuşdur. Azərbaycan nümayəndəsi öz çıxışında BMT-nin 2003-cü ili “Təmiz su ili” elan etdiyini xatırladaraq, respublikamızın bu sahədə ciddi problemlərlə qarşılaşdığını xüsusi vurğulamış, Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizdə ekoloji tarazlığın pozulduğunu, bu ölkənin ərazisindən keçib Azərbaycana daxil olan çaylara zəhərli maddələrin axıdıldığını və həmin sulardan istifadə edən vətəndaşlarımızın sağlamlığı, habelə fauna və flora üçün ciddi təhlükə yarandığını bildirmişdir. Bu ekoloji fəlakətin faktiki olaraq insan hüquqlarına qarşı yönəldiyini vurğulayan R.Hüseynov deputatları təcavüzkar dövlətə qarşı ciddi tədbirlər görməyə və ölkəmizə dəstək verməyə çağırmışdır.
İclasda su probleminin araşdırılması məqsədi ilə yardımçı komitənin təşkil edilməsi qərara alınmışdır. Respublikamızın nümayəndəsi AŞPA-nın komitəyə üzvlər seçilərkən Azərbaycanın təmsil olunması təklifini irəli sürmüşdür.
Gənc nəslin yetişməsində milli parlamentlərin rolu barədə müzakirələrdə çıxış edən Milli Məclisin deputatı gənclərlə əlaqələrin möhkəmləndirilməsi üçün ictimai strukturların yaradılması yolunda müəyyən tədbirlərin görülməsinin, onların parlamentlə əməkdaşlığa daha artıq cəlb edilməsinin və qarşılıqlı olaraq gənclərin parlamentə, parlamentin isə gənclərə yardımçı olması üçün konkret addımlar atılmasının xüsusi əhəmiyyətini vurğulamışdır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris