AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ KOMİTƏLƏRİNDƏ
Avropa Şurası Parlament Assambleyasının hüquqi məsələlər və insan hüquqları komitəsi alt komitəsinin martın 4-də keçirilmiş iclasında bir sıra məsələlərlə yanaşı, Avropa Məhkəməsinə Azərbaycan üzrə hakim seçilməsi məsələsi müzakirə edilmişdir.
Azərbaycan tərəfindən təqdim olunmuş namizədlər müsabiqədə iştirak etmiş və ölkəmiz üzrə Avropa Məhkəməsinə hakim Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında seçiləcəkdir.
Avropa Şurası Parlament Assambleyası monitorinq komitəsinin martın 4-də keçirilmiş iclasında Azərbaycan üzrə məruzəçi Andreas Qrossun ölkəmizə səfəri ilə bağlı məlumatı dinlənilmişdir. O, siyasi məhbuslar və Avropa Şurasının Azərbaycanla əməkdaşlığı barədə danışmış, Avropa Şurasının Azərbaycanda keçiriləcək seçkiləri diqqətlə izləyəcəyini açıqlamış, bu siyasi qurumu ölkəmizdə həyata keçirilən islahatları dəstəkləməyə çağırmışdır.
Monitorinq komitəsinin üzvləri Azərbaycanda gedən proseslərlə daha yaxından tanış olmaq üçün tezliklə bölgəyə səfər edəcəklərini bildirmişlər.
Məruzə ətrafında müzakirələrə qatılmış Milli Məclisin deputatları Bəxtiyar Əliyev və Asim Mollazadə monitorinq komitəsi üzvlərinin Azərbaycanla əməkdaşlıq istiqamətində gördüyü işləri yüksək qiymətləndirmiş, respublikamızda hüquqi islahatlara, söz azadlığına hərtərəfli şərait yaradıldığını qeyd etmiş, demokratik və şəffaf seçkilər keçirilməsi üçün mükəmməl qanunvericilik bazasının formalaşdırıldığını diqqətə çatdırmışlar.
Ermənistan üzrə məruzəçidən sonra çıxış edən deputat Asim Mollazadə bölgədə baş verən hadisələrə öz münasibətini açıqlayaraq, son zamanlar bu ölkədə insan hüquqlarının pozulmasını, terror aktlarının həyata keçirilməsini pisləmiş, komitə üzvlərinin diqqətini prezident seçkilərində yol verilmiş pozuntulara yönəltmişdir.
Komitənin yığıncağında Ermənistanda keçirilmiş prezident seçkilərinin gedişindən və nəticələrindən Avropa Şurasının narazı qaldığı bildirilmiş və bu məsələnin növbəti iclasların birində ciddi müzakirə ediləcəyi vurğulanmışdır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris