AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ YAY SESSİYASI İŞƏ BAŞLAMIŞDIR
AZƏRTAC xəbər verir ki, iyunun 23-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası işə başlamışdır. Sessiyada Avropada demokratiyanın durumu, müxtəliflik və miqrasiya məsələlərinə baxılacaq, Azərbaycanda, Türkiyədə, həmçinin Avropada demokratik təsisatların fəaliyyətinə nəzər salınacaq, pedaqoji təhsil vasitəsilə demokratiya və insan hüquqları mədəniyyətinin təşviqinə dair fikir mübadiləsi aparılacaqdır. Gürcüstanda və Makedoniyada parlament seçkilərinin müşahidəsinin nəticələri barədə Assambleya Bürosunun hesabatı dinləniləcəkdir. Sessiya çərçivəsində Ermənistandakı vəziyyətlə bağlı xüsusi müzakirələr olacaqdır.
Tədbirdə Qara dənizdə ətraf mühitin korlanmasına qarşı mübarizə, Çindəki durum üzrə ümumi siyasət və Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyəti də müzakirəyə çıxarılacaq. Türkiyə və Yunanıstan arasında hər iki ölkə xalqlarının maraqları naminə Kipr adasının ikimədəniyyətli səciyyəsinin qorunub saxlanması, Avropa Yenidənqurma və İnkişaf Bankının Şərqi və Cənub-Şərqi Avropaya diqqət yönəltməsi kimi məsələlər gündəmdə olacaqdır.
Sessiyada Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri, AŞPA-da Azərbaycan parlament nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov, deputatlar Gültəkin Hacıyeva, Rafael Hüseynov, Qənirə Paşayeva, Sabir Hacıyev iştirak edirlər. Deputatlarımız müzakirə olunan məsələlərə münasibətdə Azərbaycanın mövqeyini bildirəcəklər.