Avropa Şurası qaçqın və məcburi köçkün problemini yaradan səbəblərlə ciddi mübarizə aparmalıdır
Strasburq, 27 yanvar, AZƏRTAC
Avropa Şurası qaçqın və məcburi köçkünlərə kömək etmək üçün ilk növbədə bu problemləri yaradan səbəblərlə sərt mübarizə aparmalıdır.
Bu fikri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva qurumun qış sessiyasında “Aralıq dənizi: qanunsuz miqrasiyanın giriş qapısı” adlı sənədin müzakirəsi zamanı çıxışında bildirib.
Deputat qeyd edib ki, Avropa və Avropa Şurası, onun Parlament Assambleyası 2015-ci ildə dünyada ən çox köçkünün sığındığı Türkiyəyə daha çox dəstək olmalıdır və biz Assambleyanı buna çağırırıq.
Q.Paşayeva bir neçə gün əvvəl Suriya və İraqdan qaçqın düşmüş türkmənlərlə, onların təmsilçiləri ilə görüşdüyünü deyib. Bildirib ki, görüşdə onlar Avropanı qaçqın problemini yaradan səbəblərlə daha aktiv mübarizəyə çağırdılar. Səbəblərlə mübarizə güclənməzsə qaçqınların sayı daha da artacaq və daha böyük problemlər yaranacaq.
Deputat bildirib ki, Assambleya ötən gün “Azərbaycanın Dağlıq Qarabağ regionu və işğal olunmuş digər ərazilərində zorakılığın artması” adlı məruzənin səsverməsi zamanı ortaya çıxan üzücü münasibətə yol verməməlidir. Öz evinə dönə bilməyən və Assambleyadakı müzakirələri izləyən bir milyondan artıq azərbaycanlı qaçqın və köçkünün nə qədər böyük üzüntü duyduğunu başa düşmək çox çətindir. İnsanları qaçqın və köçkün salan səbəblərə qarşı mübarizə aparmadan ortaya çıxan acı durumları, faciələrı önləmək çox çətindir. Düşünmək lazımdır ki, niyə insanlar evlərini atıb qaçırlar? Onlar ölümdən qaçırlar və belə insanlara etnik və dini kimliyindən asılı olmayaraq fərq qoymadan dəstək göstərmək bütün Avropa ölkələrində bir insanlıq vəzifəsi kimi qəbul edilməlidir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq