Avropa Xəbər Agentlikləri Alyansının konfransı panel müzakirələrlə davam edib
Buxarest, 26 aprel, AZƏRTAC
Rumıniyanın paytaxtı Buxarestdə Avropa Xəbər Agentlikləri Alyansının (EANA) “Xəbər agentlikləri və dəyişən market: Yeni inkişaf edən məzmun üçün strategiyalar” mövzusunda konfransı panel müzakirələrlə davam edib.
AZƏRTAC xəbər verir ki, İsveçin TT agentliyinin baş icraçı direktoru Yonas Eriksonun moderatorluğu ilə keçirilən paneldə Avstriyanın APA agentliyinin idarəedici redaktoru Maykl Lanq, NTB agentliyinin idarəedici redaktoru Kristian Byellanes “Yeni məzmun və müştəri əlaqələri” mövzusu ətrafında geniş müzakirələr aparıblar.
Daha sonra Kiprin CNA agentliyinin direktoru Corc Penintaeks rəhbəri olduğu qurumun yeni imkanları barədə təqdimatla çıxış edib. Almaniyanın DPA agentliyinin baş icraçı direktoru Piter Kropş yalnız platform şirkətlərinin gələcəkdə əsas söz sahibi olacaqlarını bildirib. O, birbaşa market və əlaqələndirilmənin təmin edilməsinə diqqət çəkib. Keyfiyyətli şəkillərin təmin edilməsi ilə xəbər marketində uğur qazandıqlarını, DPA-nın ümumiyyətlə videoxəbərə böyük önəm verdiyini bildirən Piter Kropş rəhbəri olduğu agentliyə qurumların üzvlüyünün artdığını söyləyib, bloggerlərin yazılarına yer verməklə gənc oxucuların diqqətinin cəlb edilməsinin əhəmiyyətindən danışıb.
Tədbirdə, həmçinin AFP-nin Avropa üzrə direktoru Kristin Buhagierin, Ukrinformun Baş direktoru Oleksandr Xarçenkonun məruzələri dinlənilib.
Konfransa Avropanın 30-dan çox xəbər agentliyinin, o cümlədən Böyük Britaniyanın Press Association, Rusiyanın TASS, Türkiyənin Anadolu, Almaniyanın DPA, Avstriyanın APA, Ukraynanın Ukrinform, Bolqarıstanın BTA, Albaniyanın ATA agentliklərinin rəhbərləri və nümayəndələri qatılıblar. Konfransda Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC da təmsil olunub.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest