Avstraliyada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub
Bakı, 31 dekabr, AZƏRTAC
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə daha bir tədbir Avstraliyanın Sidney şəhərində keçirilib.
Azərbaycanın Avstraliyadakı səfirliyinin təşəbbüsü ilə təşkil olunan tədbirdə ölkənin müxtəlif şəhərlərində yaşayan azərbaycanlılar, burada fəaliyyət göstərən Azərbaycan diaspor və mədəniyyət təşkilatlarının nümayəndələri, digər türkdilli xalqların təmsilçiləri iştirak ediblər.
Azərbaycanın Avstraliyadakı səfiri Rövşən Cəmşidov, Azərbaycan-Avstraliya-Türk Dostluq Cəmiyyətinin rəhbəri İmamətdin Qasımov, Avstraliyada Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbəri Həcər Malik tədbirdə çıxış edərək il ərzində görülən işlər, buradakı diasporumuzun fəallığının artırılması istiqamətində atılan addımlar, Azərbaycan ilə Avstraliya arasındakı münasibətlərin hazırkı vəziyyəti barədə məlumat veriblər.
Bildirilib ki, bu bayramın əsas məramı harada yaşamalarından asılı olmayaraq azərbaycanlıların birliyini və həmrəyliyini, milli mənəvi dəyərlərini, Azərbaycan xalqına məxsusluq və Vətənə bağlılıq hissini təşviq etməkdir.
Tədbir iştirakçılarına Azərbaycan musiqisi və milli mətbəxinin nümunələri təqdim olunub.
Sidney şəhərində fəaliyyət göstərən “Azərbaycanın səsi” radiosu buhəftəki buraxılışını Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edib. Radioproqramın rəhbəri Gülzar Qasımovanın təqdimatında efirə çıxan verilişdə bu bayramın yaranma tarixindən, dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılar arasında birlik və həmrəyliyin təşviqindəki rolundan söhbət açılıb.