Avstriya iqtisadiyyatı bu il 7,2 faiz geriləyə bilər
Vyana, 11 iyun, AZƏRTAC
Avstriya koronavirus pandemiyası ərzində əhalinin sağlamlığı sahəsində uğurlar əldə edib və Avropanın ilk ölkələrindən biri kimi məhdudiyyətlərin əksər hissəsi artıq aradan qaldırılıb. Bununla belə, pandemiya ölkə iqtisadiyyatına ağır zərbə vurub və bu il ölkə iqtisadiyyatında 7,2 faiz geriləmə proqnozlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu proqnozla Avstriya Milli Bankı çıxış edib. Bildirilir ki, koronavirus pandemiyası ilə bağlı yaranan durğunluq ölkə iqtisadiyyatına 2009-cu ildə maliyyə böhranı ilə müqayisədə iki dəfə baha başa gələ bilər. Aktual ümumi daxili məhsul proqnozlarını təqdim edən Mərkəzi Bankın rəhbəri Robert Holtsmann deyib ki, 2009-cu ildən fərqli olaraq bu il iqtisadi böhran bütün dünyanı əhatə edib. Bu vəziyyət Avstriya kimi iqtisadiyyatında ixracın payının yüksək olduğu ölkələrə öz təsirini göstərir. 2009-cu il maliyyə böhranında iqtisadi geriləmə 3,2 faiz olmuşdusa, cari ildə durğunluğun səviyyəsi iki dəfə yüksək ola bilər.
Məlumatda, həmçinin bildirilib ki, mart ayının ortalarından mayın ortasınadək olan dövr ərzində ölkə iqtisadiyyatı 14,5 milyard avro itirib. Pandemiyanın ilk dövründə 2 milyard avro, hazırda isə həftəlik 1 milyard avro ÜDM itkisi baş verir. Xalq təsərrüfatının mühüm komponentləri olan investisiyalar, ixrac və əhalinin fərdi istehlak fəaliyyəti aşağı düşüb, iş yerlərinin bağlanması ilə gəlirləri azalan insanlar vəsaitlərinə qənaət etməyə və mümkün qədər az pul xərcləməyə çalışırlar. İqtisadiyyatı böhrandan çıxarmaq üçün fərdi istehlak səviyyəsinin artmasını mühüm amil olsa da, ikinci dalğa təhlükəsi əhalini defensiv mövqedə qalmağa vadar edir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana