AVSTRİYA, İTALİYA VƏ SLOVENİYADA “MİXAYLO” SƏNƏDLİ FİLMİNİN ÇƏKİLİŞLƏRİ APARILIR
AZƏRTAC-ın xüsusi müxbiri Azərbaycanın Avstriyadakı səfirliyinə istinadla xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Salnamə” sənədli filmlər studiyası tərəfindən Sovet İttifaqı Qəhrəmanı, xalqımızın igid oğlu Mehdi Hüseynzadənin (Mixaylo) anadan olmasının 90 illiyi münasibətilə ekranlaşdırılan sənədli filmin əsas kadrları Avstriya, İtaliya və Sloveniyada çəkilir.
Ssenari müəllifi İntiqam Qasımzadə, quruluşçu rejissoru Tahir Əliyev, bədii rəhbəri Tofiq Məmmədov, musiqi tərtibatçısı bəstəkar, xalq artisti, professor Aqşin Əlizadədən ibarət yaradıcı heyətin üzərində çalışdığı sənədli filmdə qəhrəmanın uşaqlıq, gənclik, tələbəlik illəri və əsasən ikinci dünya müharibəsi dövrünə aid indiyədək naməlum həqiqətlər, cəsur ömür yolundan səhifələr öz əksini tapacaqdır.
Yaradıcı heyət ekran işinin daha peşəkar və tamaşaçı marağını nəzərə alaraq filmdə sənədli kadrlardan istifadə üçün Rusiya Dövlət arxivindən sənədlər toplamışdır. Filmin əsas çəkilişləri isə 23-27 iyun tarixində, Mixaylonun qəhrəmancasına döyüşdüyü Sloveniyanın Nova Qoritsa şəhəri, ağır yaralandığı Şempas, həlak olduğu Vitovlye və dəfn olunduğu Çepovan qəsəbələri, eləcə də faşistlərə qarşı döyüşdüyü İtaliyanın Triyest, Avstriyanın Mauthausen şəhərləri ərazisində aparılır.
Filmin məsləhətçisi, səfirliyin müşaviri Gəray Muradovun səyi ilə yuxarıda adları çəkilən ölkələrdə tərtib edilən proqram üzrə keçirilən görüşlər, M.Hüseynzadə ilə çiyin-çiyinə vuruşmuş partizan silahdaşlarının, eləcə də onu şəxsən tanıyan yerli sakinlərin xatirələri və orijinal kadrlar tamaşaçılarda maraq yaradacaqdır.
######
