Avstriyada bu ölkənin nasist Almaniyası tərəfindən ilhaq olunmasının 80 illiyi qeyd edilir
Vyana, 12 mart, AZƏRTAC
Səksən il bundan əvvəl Avstriyanın nasist Almaniyasına ilhaq edilməsi (Anşlüs) ilə bağlı Avstriyada xatirə tədbirləri keçirilir.
1938-ci il martın 12-də Vermaxtın hərbi birləşmələri Almaniya sərhədini keçərək Avstriya ərazisinə daxil olublar. Uzun müddət öncədən hazırlanan və Adolf Hitlerin Avstriya ilə həmsərhəd Oberzaltsberq kurortundan şəxsən rəhbərlik etdiyi işğal prosesində Avstriya ordusu tərəfindən heç bir müqavimət göstərilməyib. Martın 12-də alman qoşunları Vyanayadək irəliləyiblər. Üç gün sonra isə Hitlerin iştirakı ilə Vyananın mərkəzində izdihamlı hərbi parad keçirilib. Bununla da Avropanın xəritəsi üzərindən Avstriyanın adı silinib və İkinci Dünya müharibəsinin sonunadək bu ölkənin ərazisi Ostmark adlandırılıb.
Martın 12-də Hofburq sarayında keçirilən anım tədbirində çıxış edən Avstriyanın Federal Prezidenti Aleksander Van der Bellen bildirib ki, 1938-ci ilin mart günləri faciəvi inkişafın kulminasiya nöqtəsini təşkil edib. Həmin günlərdə ölkənin Almaniyaya ilhaq edilməsini lənətləyənlərlə yanaşı, böyük sevinclə qarşılayanlar da az deyildi. Avstriyanın nasist Almaniyasının qurbanı olduğuna dair populyar tezisə qarşı çıxan ölkə başçısı qeyd edib ki, nasionalsosializm ideologiyasının yaydığı dəhşətlərdə Avstriyanın da payı olduğunu qəbul etməyin zamanı çatıb. O, rasizm və antisemitizm meyillərinin bu gün də cəmiyyətdə mövcud olduğuna diqqət çəkərək, 80 il baş verənlərin bu gün təkrarlanmaması üçün insanların qarşılıqlı hörmət və açıq fikrə əsaslanan birgəyaşayışının təmin olunmasının vacibliyini qeyd edib.
Hofburq sarayında keçirilən mərasimlə silsilə anım tədbirlərinə start verilib. Ölkənin müxtəlif muzey və kitabxanalarında “Anşlüs”ün 80-ci ildönümü ilə bağlı sərgi və tədbirlər keçirilir, Avstriya Teleradiosunun (ORF) efirində sənədli filmlər təqdim olunur, müzakirələr aparılır.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana