Avstriyada yeni elektron hökumət portalı yaradılacaq
Vyana, 17 yanvar, AZƏRTAC
Avstriya hökuməti vətəndaşların dövlət orqanları ilə təmaslarını və müxtəlif sahələr üzrə müraciətlərin daha sürətli icrası üçün yeni elektron hökumət portalının yaradılması barədə qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, yeni onlayn platforma indiyədək bir-birindən ayrı fəaliyyət göstərən bütün elektron resursları özündə birləşdirəcək və “bir pəncərə” prinsipi ilə fəaliyyət göstərəcək. Onlayn platformanın təkmil versiyası pasport, şəxsiyyət və sürücülük vəsiqələrinin verilməsi, yaşayış yeri üzrə qeydiyyatın aparılması, avtomobillərin qeydiyyata alınması və digər sayca ondan artıq mühüm rəsmi proseduru əhatə edəcək. Eyni zamanda, bu xidmətlərdən mobil cihazlar üçün yazılmış proqram vasitəsilə də yararlanmaq mümkün olacaq.
Avstriya hökumətində rəqəmsallaşdırma agendasına rəhbərlik edən iqtisadiyyat naziri Marqarete Şrambök bildirib ki, bürokratik prosedurlar onsuz da insan həyatını kifayət qədər mürəkkəbləşdirir. Hökumətin hədəfi rəqəmsallaşma sayəsində vətəndaşların işini asanlaşdırmaq, zamanın tələbinə uyğun olaraq analoji sənədləşmədən rəqəmsal sənədləşməyə keçidi təmin etməkdir. Onun sözünə görə, əsas məqsəd, eyni zamanda, elektron hökumətdən (E-government) mobil hökumətə (M-Government) keçidə nail olmaqdır, çünki insanlar getdikcə daha çox mobil telefon və digər qurğulardakı proqramlardan istifadəyə meyl göstərirlər.
Ölkədəki mobil qurğular bazarında smartfonların payının 95 faizə çatmasını nəzərə alaraq, hökumət rəsmiləri yeni onlayn sistem və onun mobil qurğular üçün əlavəsinin əhali tərəfindən geniş istifadə olunacağına ümid edirlər.
Onlayn platformanın tətbiqi ilə yanaşı, dövlət qurumlarının vətəndaşlara klassik şəkildə xidməti də öz qüvvəsini saxlayacaq.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana