AYDIN ƏZİMBƏYOV: “ÖZBƏKİSTANLA AZƏRBAYCAN ARASINDA ƏMƏKDAŞLIQ GENİŞLƏNİR
- Səfirliyimiz 1996-cı ildən fəaliyyət göstərir. Bu günə qədər iki ölkə arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə xidmət edən 90-dan artıq müqavilə, saziş və protokol imzalanmışdır.
İkitərəfli münasibətlərin inkişaf etdirilməsində hər iki dövlət başçısının qarşılıqlı rəsmi səfərləri böyük rol oynamışdır. Bu ilin mart ayında Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni sahələri əhatə edən mühüm sənədlər imzalanmışdır.
Bu il Daşkənddə Heydər Əliyev adına Azərbaycan mədəniyyət mərkəzi açılmış, həmin binanın qarşısında ümummilli liderimizin abidəsi qoyulmuş, binanın yerləşdiyi küçəyə Heydər Əliyevin adı verilmişdir. Daşkəndin ən görkəmli yerlərindən birində dahi Nizami Gəncəvinin abidəsinin açılışı olmuşdur. Bütün bu təntənələrdə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı Özbəkistanda yaşayan 60 min soydaşımızın ürəyincə olmuşdur.
Aydın Əzimbəyov qeyd etmişdir ki, artıq Özbəkistandan Azərbaycana bir neçə İL-76 və İL-76 TD təyyarəsi göndərilmiş, daha bir neçə İL-76 TD yük və İL 114-100 sərnişin təyyarəsinin alınması istiqamətində iş aparılır.
Son vaxtlar səfirliyin köməyi ilə Özbəkistandan Azərbaycana 200 min ton taxıl göndərilmiş, ölkəmizə neft-qaz avadanlığının satılması ilə bağlı müqavilə imzalanmışdır. Özbəkistan Azərbaycana kənd təsərrüfatı texnikası da göndərir.
Azərbaycanda pambıqçılığın əvvəlki şöhrətini qaytarmaq üçün səfirliyimizin səyi nəticəsində bir qrup Özbəkistan mütəxəssisi ölkəmizə göndərilmiş, iki ölkənin ipəkçiləri arasında əlaqələr bərpa olunmuşdur.
Daşkənddə müntəzəm olaraq Azərbaycan incəsənət ustalarının konsertləri təşkil edilir, Özbəkistan televiziyasında filmlərimiz nümayiş olunur. Səfirliyimizin himayəsi ilə Özbəkistan televiziyasında ayda bir dəfə Azərbaycan dilində proqramlar hazırlanır. Səfirlik Daşkənddə Maqsud Şeyxzadənin, Səmərqənddə Seyid Rza Əlizadənin yubileylərini keçirmişdir. Səfirliyimizdə bu və ya digər məsələ ilə bağlı müntəzəm olaraq mətbuat konfransları keçirilir və buraya yerli və xarici jurnalistlər dəvət edilir.
Səfir bildirmişdir ki, ən başlıca məsələlərdən biri də Özbəkistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasıdır. Prezident İslam Kərimov bu barədə öz fikrini birmənalı olaraq bildirmişdir.
Əminəm ki, ölkələrimiz arasında hərtərəfli əməkdaşlıq bundan sonra da inkişaf edəcəkdir.