Aygün Əsgərova: Elm və təhsil sahəsində qazanılan uğurlarda Heydər Əliyevin böyük xidmətləri var
Bakı, 10 may, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü günündə dahi rəhbərin məzarını ziyarət etmək üçün gələnlər arasında müəllim Aygün Əsgərova da var idi. O, hər il mayın 10-da Fəxri xiyabana gələrək Ulu Öndərə öz ehtiramını ifadə etdiyini bildirib.
AZƏRTAC-a müsahibəsində Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dövründə elmə, təhsilə qayğının mühüm yer tutduğunu bildirən Aygün Əsgərova deyib: “Heydər Əliyev müstəqil Azərbaycanda milli təhsil quruculuğu sahəsində islahatların memarı və qurucusudur. Onun 1993-cü ildə hakimiyyətə qayıdışı Azərbaycanın sosial-iqtisadi, siyasi və mədəni həyatının bütün sahələrində olduğu kimi, təhsil sahəsində də tənəzzülün qarşısını almağa imkan verdi, təlim-tərbiyə müəssisələrinin ahəngdar işi bərpa olundu, təhsil sisteminin müstəqil dövlətçilik prinsipləri əsasında qurulmasına tarixi şərait yarandı. Bu gün iftixarla demək olar ki, bütün sahələrdə olduğu kimi, milli təhsil sahəsində qazanılan uğurlarda da Heydər Əliyevin müstəsna xidmətləri var. Müstəqillik illərində təhsil sahəsində beynəlxalq əlaqələr genişlənib və hazırda dünya təcrübəsi də öyrənilməklə Azərbaycanda təhsil sisteminin inkişafı üçün məqsədyönlü işlər görülür”.