AZADLIQ MEYDANI-ZIĞ DAİRƏSİ AVTOMOBİL YOLUNUN GENİŞLƏNDİRİLMƏSİ İŞLƏRİ AVQUSTDA BAŞA ÇATACAQDIR
AZƏRTAC xəbər verir ki, “Akkord” Şirkətlər Qrupunun həyata keçirdiyi Azadlıq meydanı-Zığ dairəsi-Heydər Əliyev adına Beynəlxalq hava limanı avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində Azadlıq meydanı-Zığ dairəsi istiqamətində yolun genişləndirilməsi işləri başa çatmaq üzrədir.
“Akkord” Şirkətlər Qrupundan bildirmişlər ki, layihə iki mərhələdə həyata keçirilir. Birinci mərhələdə Zığ dairəsi-Heydər Əliyev adına Beynəlxalq hava limanı istiqamətində eni 29,5 metr, uzunluğu 20 kilometr olan 6 zolaqlı yolun 28-30 santimetr qalınlığında beton örtük çəkilməklə aparılan tikinti işləri artıq başa çatdırılmışdır. İkinci mərhələdə Azadlıq meydanı-Zığ dairəsi yoluna asfalt örtüyü çəkilir. Bu yol 8 zolaqlıdır, eni 36 metr, uzunluğu 12 kilometrdir. Yol boyu-Zığ şosesinin Ramiz Quliyev küçəsi ilə kəsişməsində 1 körpü tipli yolötürücünün, Gəncə prospekti ilə kəsişməsində 1 tunel tipli yolötürücünün inşası nəzərdə tutulmuşdur. Körpü tipli yolötürücünün uzunluğu ayırıcılarla birlikdə 690 metr, eni 23,4 metrdir. Tunel tipli yolötürücü isə 4 zolaqlı olmaqla eni 26 metr, uzunluğu yanaşma yolları ilə birlikdə 630 metrdir.
Yenidən qurulan şose boyu piyadaların hərəkətini asanlaşdırmaq üçün 5 yerüstü piyada keçidinin tikintisi nəzərdə tutulmuşdur. Həmin keçidlər eskalatorla təchiz olunacaq, yolun hər iki tərəfində eni 2-2,5 metr olan səki salınacaqdır. Yolboyu istinad divarlarının tikintisi də layihə çərçivəsində həyata keçiriləcək işlərin sırasına daxildir. Avqustda yolun genişləndirilməsi işlərinin başa çatdırılması planlaşdırılır.