AZAL Heydər Əliyevin İtaliyaya səfəri haqqında filmin hazırlanmasına dəstək verib
Bakı, 5 oktyabr, AZƏRTAC
Azərbaycanlı səyyah Azər Qərib Ümummilli Lider Heydər Əliyevin 1997-ci ildə İtaliyaya rəsmi səfərinə həsr olunmuş “Bir səfərin izi ilə” filminin təqdimatını keçirib. Təqdimat “Nizami” kinoteatrında baş tutub.
AZƏRTAC xəbər verir ki, bu maraqlı layihə hər kəsi Heydər Əliyevin ziyarət etdiyi İtaliyanın tarixi şəhərlərinə aparır və rəsmi səfərin qeyri-rəsmi tərəflərini göstərir. Səyahətçi ilə birlikdə tamaşaçı səfərin qeyri-adi anlarına nəzər salmaqla Roma, Neapol, Pompey və Kapri adasında heyrətamiz səyahətə çıxacaq.
Filmin ideya müəllifi, tanınmış jurnalist Azər Qərib Ümummilli Liderin daha 4 səfəri barədə oxşar mövzuda maraqlı detalların film formatında lentə alınacağını da vurğulayıb.
Bu layihə sosial missiyası mədəniyyətin inkişafına və ölkə irsinin qorunub saxlanmasına yönəlmiş "Azərbaycan Hava Yolları" aviaşirkətinin dəstəyi sayəsində reallaşıb.