İQTİSADİYYAT
“AZEL Systems” şirkətinin baş direktoru: Azərbaycanda bir sıra layihələr uğurla həyata keçirilib



Bakı, 14 aprel, AZƏRTAC
Azərbaycanın aparıcı sistem inteqratoru olan “AZEL Systems” şirkəti və zavodların, gəmilərin, dəniz platformalarının layihələndirilməsi, tikintisi və istismarı, eyni zamanda “digital twin” texnologiyaları üzrə dünyanın aparıcı proqram təminatı istehsalçısı olan “Hexagon” (ABŞ-İsveç holdinqi) şirkəti ilə birgə tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə “AZEL Systems” şirkətinin Baş direktoru İqor Yakovenko açaraq rəhbəri olduğu təşkilatın 2013-cü ildə yarandığını və hazırda Qafqaz regionunda layihələndirmə və tikintinin rəqəmsallaşdırılması və avtomatlaşdırılması sahəsi üzrə aparıcı sistem inteqratorlarından biri olduğunu nəzərə çatdırıb. O, həmçinin son 10 ildə “AZEL Systems”in “Hexagon” şirkətinin Azərbaycandakı yeganə tərəfdaşı olduğunu və şirkətlərin birlikdə Azərbaycanda bir sıra layihələri uğurla həyata keçirdiklərini qeyd edib. İ.Yakovenko çıxışı zamanı həmçinin qısa şəkildə “digital twin” texnologiyasının üstünlükləri, o cümlədən xərclərin optimallaşdırılması; risklərin azaldılması və məlumatların keyfiyyətinin gücləndirilməsi/yaxşılaşdırılması barədə məlumat verib. Çıxışının sonunda İ.Yakovenko, Azərbaycanda gələcəkdə “digital twin” texnologiyalarının əsasını təşkil edəcək “Hexagon Engineering Document Management” texnologiyalarının tətbiqinin SOCAR şirkətində qısa zamanda uğurla başa çatacağını qeyd edib.
Sonra “Hexagon” şirkətinin regional meneceri Şamil Fayzrəhmanov çıxış edərək “Hexagon Digital Twin” texnologiyaları və bu tip həllərin rəqəmsal transformasiya təşəbbüslərinin açarı olduğunu iştirakçıların diqqətinə çatdırıb. O həmçinin belə texnologiyaların layihələrə və sənaye obyektlərinin istismarına necə dəstək verdiyini izah edib. Ş.Fayzrəhmanov qeyd edib ki, Azərbaycanda “digital twin” texnologiyaların tətbiqi prosesinə başlamaq üçün çox yaxşı baza mövcuddur. Təqdimatın sonunda bir sıra Azərbaycan şirkətləri tərəfindən “Hexagon” texnologiyasının artıq uğurla tətbiqi də müzakirə olunub.
Konfransda “Hexagon” şirkətinin digər texniki mütəxəssislər də müxtəlif mövzularda çıxış ediblər:
- Kayl Pirs- Proses Sənayesi üçün Rəqəmsal Transformasiyanın faydalarını və "Hexagon Alarm Management System" həlləri.
- Kseniya Çapkovskaya - CAPEX investisiyaları üçün planlama, nəzarət və büdcə hazırlığı üzrə "Hexagon EcoSys" həlli.
- Linas Qabrielaytis - Sənaye mühəndisliyi və BIM üçün “Hexagon” proqram təminatı.
Konfransda iştirak edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, FHN, “Azfen”, “SOCAR”, “PMD”, “Nobel Energy” və bir sıra digər təşkilatların nümayəndələri belə tədbirlərin hər il keçiriləcəyinə ümidvar olduqlarını qeyd ediblər.
Konfransın sonunda İ.Yakovenko, Ş.Fayzraxmanov və digər qonaqların iştirakı ilə panel diskussiya təşkil edilib. İştirakçılar bir çox məsələləri müzakirə edib və bu qənaətə gəliblər ki, "digital twin" texnologiyalar kimi innovativ həllərin tətbiqi Azərbaycan üçün vacib məqsəddir və bu proses yalnız lisenziyalı proqram təminatının istifadəsi ilə həyata keçirilməlidir.