AZƏRBAYCAN ALİMİ VYANADA KEÇİRİLƏN DƏYİRMİ MASADA MƏRUZƏ ETMİŞDİR
Martın 17-də Vyana Diplomatiya Akademiyasında (VDA) “Sivilizasiyalararası dialoq və müsəlman siyasi mədəniyyəti” mövzusunda dəyirmi masa keçirilmişdir.
Azərbaycanın Vyanadakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, səfirliyin və akademiyanın birgə təşəbbüsü ilə təşkil olunmuş bu tədbirdə əsas məruzəçilər Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Şərq-Qərb şöbəsinin müdiri, fəlsəfə elmləri namizədi Anar Əzimov və Vyana Universiteti Siyasi Elmlər İnstitunun mühazirəçisi doktor Karin Knayzl olmuşlar.
Tədbiri VDA-nın direktoru səfir Ernst Suxaripa açaraq dəyirmi masanın çox aktual mövzuya həsr olduğunu qeyd etmiş, Azərbaycanda tarixən dini dözümlülüyün olduğunu bildirmişdir. Daha sonra tədbirin aparıcısı Avstriya Beynəlxalq Əlaqələr İnstitutunun direktoru, professor Otmar Höll beynəlxalq aləmdə gedən mühüm prosesləri nəzərə alaraq sivilizasiyalararası dialoqun keçirilməsinin vacibliyini vurğulamışdır.
Filosof A.Əzimov çıxış edərək xristian və müsəlman dünyasında cərəyan edən hadisələrin beynəlxalq siyasi münasibətlərə təsirindən danışmışdır. Doktor K.Knayzl sivilizasiyalararası dialoqun ilk növbədə Şərq və Qərd mədəniyyətlərinin bir-birinə inteqrasiya və qarşılıqlı zənginləşməsinə xidmət etməsinin vacibliyini diqqətə çatdırmışdır.
Daha sonra məruzəçilər iştirakçıları maraqlandıran suallara cavab vermişlər.
Tədbirdə Avstriyanın elm və təhsil ocaqlarının nümayəndələri, Avstriyada yaşayan Azərbaycan icmasının nümayəndələri, Vyanada yerləşən səfirliklər və beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:01]
Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru
- 15.06.2026 [17:00]