Azərbaycan arxeologiyasında əldə olunan yeni elmi nəticələr təqdim edilib
Bakı, 15 iyul, AZƏRTAC
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun böyük elmi işçisi Aynur Həsənovanın moderatorluğu ilə “Zoom” platformasında “Azərbaycan arxeologiyasında yeni elmi tədqiqatlar və perspektivlər” mövzusunda onlayn elmi-praktik konfrans təşkil olunub.
Bu barədə AZƏRTAC-a AMEA Arxeologiya və Antropologiya İnstitutundan məlumat verilib. Bildirilib ki, konfransın məqsədi Azərbaycanın zəngin tarixi-mədəni irsinin elmi əsaslarla öyrənilməsi, müasir arxeoloji tədqiqatların nəticələrinin elmi ictimaiyyətə təqdim edilməsi və bu sahənin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi olub.
Konfransda AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi Şamil Nəcəfov, İnstitutun rəqəmsal inkişaf və süni intellekt üzrə direktor müavini Pərviz Qasımov, aparıcı elmi işçi Yaqub Məmmədov, Fiziki antropologiya laboratoriyasının müdiri Vüsal Həsənov, Arxeoloji irsin tarixi və nəzəriyyəsi şöbəsinin elmi işçisi Rəşid Bəşirov məruzələrlə çıxış ediblər.
Çıxışlarda bildirilib ki, Azərbaycanda həyata keçirilən sistemli arxeoloji tədqiqatlar ölkənin qədim və zəngin tarixə malik olduğunu elmi faktlarla təsdiqləyir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında, eləcə də respublikanın digər bölgələrində aparılan arxeoloji ekspedisiyalar nəticəsində aşkar edilən yeni abidələr və maddi-mədəniyyət nümunələri milli tariximizin daha dolğun öyrənilməsinə, elmi dövriyyənin yeni məlumatlarla zənginləşdirilməsinə və mədəni irsin qorunmasına mühüm töhfə verir.
Qeyd olunub ki, Qarabağ və Şərqi Zəngəzurda aparılan arxeoloji tədqiqatlar, tarix və mədəniyyət abidələrinin bərpası istiqamətində görülən işlər, əldə olunan yeni elmi nəticələr Azərbaycan arxeologiyasının inkişafında yeni mərhələnin başlanmasından xəbər verir.