AZƏRBAYCAN AVROPA KOMİSSİYASI İLƏ ƏLAQƏLƏRİN İNKİŞAFINDA MARAQLIDIR
Oqtay Əsədov Azərbaycan ilə Avropa Komissiyası arasındakı əməkdaşlıqdan, qurumun ölkəmizə göstərdiyi yardımlardan danışmışdır. O demişdir ki, Avropa Komissiyası 1993-cü ildən bəri Azərbaycana 400 milyon avroya qədər yardım göstərmişdir. Hazırda TRASEKA, TACİS, İNAQEYT və digər layihələr həyata keçirilir. Təkcə İNAQEYT layihəsi çərçivəsində ölkəmizə 50 milyon avro ayrılmışdır. Rəsmi Bakı Avropa İttifaqının “Yeni qonşuluq siyasəti” layihəsində də fəal iştirak edir. Azərbaycan Avropanın qonşusu, həm də bu ailənin üzvüdür. Biz ümid edirik ki, Avropanın bütün strukturları, eləcə də Avropa Komissiyası ilə əlaqələrimiz bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək və Azərbaycan hökuməti bunun üçün əlindən gələni edir.
Alan Uaddams xoş sözlərə görə minnətdarlığını bildirərək demişdir ki, yanvarın 26-da Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmüş və etimadnaməsini dövlətimizin başçısına təqdim etmişdir. Azərbaycana xüsusi elçi təyin olunmasından məmnunluğunu ifadə edən A.Uaddams fəaliyyəti dövründə ölkəmizin Avropaya inteqrasiyasına kömək göstərməyə və əlaqələrimizin inkişafına çalışacağını bildirmişdir. O demişdir ki, hazırda Avropa Komissiyası bir sıra iri layihələr, o cümlədən Avropa İttifaqının “Yeni qonşuluq siyasəti” layihəsi üzərində çalışır. Azərbaycanın bu layihəyə ciddi yanaşması işləri asanlaşdırır, ümidləri artırır. Avropa Komissiyası bunu yüksək qiymətləndirir.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.