Azərbaycan Avropa Parodontologiya Federasiyasına tam hüquqlu üzv seçilib
Bakı, 4 aprel, AZƏRTAC
Vyana şəhərində Avropa Parodontologiya Federasiyasına üzv olan 37 ölkənin iştirakı ilə keçirilən Federasiyanın Baş Assambleyasında Azərbaycan Parodontologiya Cəmiyyəti təşkilatın tamhüquqlu üzvü seçilib.
AZƏRTAC xəbər verir ki, həmin tədbirdə ölkəmizi Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti Cavid Əhmədbəyli təmsil edib.
Avropa Parodontologiya Federasiyası tibbin parodontologiya sahəsi üzrə elmi və diş əti sağlamlığının əhəmiyyətini təbliğ edən nüfuzlu beynəlxalq təşkilatdır. 1991-ci ildə təsis edilən federasiya 16 minə yaxın ağız boşluğu sağlamlığı mütəxəssisləri və alimlərinin üzv olduğu 37 milli parodontologiya cəmiyyətini özündə birləşdirir.
Azərbaycan Müstəqil Dövlətlər Birliyinə daxil olan respublikalar arasında Avropa Parodontologiya Federasiyasının sıralarına tamhüquqlu üzv olaraq qoşulan ilk ölkə olub.