Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi avtomobil yollarında vəziyyətlə bağlı məlumat yayıb
Bakı, 20 fevral, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi respublikanın avtomobil yollarında fevralın 20-nə olan vəziyyətlə bağlı məlumat yayıb.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, hazırda respublika ərazisindəki yollarda yağıntı yoxdur. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Quba və Qusar rayonları ərazisindən keçən, buzlaşma olan hissələrinə səhər saatlarında duz-qum səpilərək təhlükəsiz hərəkət təmin olunub. Quba rayonunun Xınalıq kəndinə və Qusar rayonunun Şahdağ ərazisinə gedən yollarda buzlaşmaya qarşı müvafiq tədbirlər həyata keçirilib.
Giləzi-Xızı, Bakı-Qobustan və Qobustan-Şamaxı-Muğanlı yolunda səhər saatlarında yollara qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Muğanlı-Ağsu-Yevlax və Muğanlı-İsmayıllı yolunun Ağsu dolaylarından keçən buz bağlamış hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin edilib. İsmayıllı-Qəbələ-Oğuz-Şəki yolunda da müvafiq işlər görülüb.
Bakı-Ələt-Hacıqabul, Hacıqabul-Ucar-Yevlax, Yevlax-Gəncə-Qazax-Gürcüstan ilə dövlət sərhədi, həmçinin Şəki-Qax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi, Yevlax-Şəki (Göybulaq) və Gəncə-Daşkəsən-Xoşbulaq, Şəmkir-Gədəbəy avtomobil yollarında nəqliyyat vasitələri normal hərəkət edir.
Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi, Masallı-Yardımlı yollarında da nəqliyyat vasitələrinin hərəkəti üçün problem yoxdur. Lənkəran-Lerik və Hacıqabul-Bəhramtəpə-Horadiz yolunda səhər saatlarında hava dumanlı olub, hazırda avtomobillərin normal hərəkəti təmin edilib.